Azərbaycanın regionlarında milli valyutada yerləşdirilən əmanətlərin gəlirlilik dərəcələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, banklarda milli valyutada yerləşdirilən müddətli əmanətlər üzrə faiz dərəcələri regionlarda paytaxt Bakı ilə müqayisədə daha yüksək olub.
Ümumi portfel üzrə ən yüksək faizlər
Ümumi (cəmi) portfel üzrə faiz göstəricilərinə Abşeron-Xızı iqtisadi rayonu başçılıq edir. Bu iqtisadi rayonda orta faiz dərəcəsi 7,81 faiz, əmanətlərin həcmi isə 521 milyon 881 min manat təşkil edib.
İkinci yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada əmanətlər üzrə orta faiz 7,33 faiz, portfelin həcmi isə 243 milyon 225 min manat olub.
Üçüncü pillədə Qazax-Tovuz iqtisadi rayonu yer alıb. Bu regionda faiz dərəcəsi 6,91 faiz, əmanətlərin məbləği isə 125 milyon 930 min manat səviyyəsində qeydə alınıb.
Lənkəran-Astara iqtisadi rayonunda gəlirlilik 6,74 faiz (137 milyon 826 min manat), Quba-Xaçmaz iqtisadi rayonunda isə 6,66 faiz (155 milyon 40 min manat) olub.
Müqayisə üçün bildirək ki, Bakı iqtisadi rayonunda milli valyutada yerləşdirilən əmanətlərin orta gəlirliliyi 6,44 faiz olub. Paytaxt üzrə əmanət portfelinin həcmi 9 milyard 799 milyon 393 min manat təşkil edib.
Tələb olunanadək əmanətlər üzrə göstəricilər
Tələb olunanadək (cari hesablar) üzrə ən yüksək faiz Naxçıvan iqtisadi rayonunda qeydə alınıb. Burada orta faiz dərəcəsi 1,66 faiz, portfelin həcmi isə 44 milyon 37 min manat olub.
İkinci yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada tələb olunanadək əmanətlər üzrə faiz 0,78 faiz, məbləğ isə 79 milyon 927 min manat olub.
Üçüncü sırada Qazax-Tovuz iqtisadi rayonu yer alıb. Bu regionda faiz dərəcəsi 0,77 faiz, həcm isə 47 milyon 404 min manat təşkil edib.
Şirvan-Salyan iqtisadi rayonu 0,69 faiz göstərici ilə dördüncü, Mərkəzi Aran iqtisadi rayonu isə 0,66 faiz göstərici ilə beşinci sırada qərarlaşıb. Bakı iqtisadi rayonunda isə bu göstərici 0,65 faiz (3 milyard 863 milyon 397 min manat) olub.
Müddətli əmanətlər üzrə liderlər
Müddətli əmanətlər üzrə ən yüksək faiz dərəcəsi Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Bu regionda orta gəlirlilik 10,61 faiz, əmanətlərin həcmi isə 78 milyon 526 min manat olub.
İkinci yerdə Lənkəran-Astara iqtisadi rayonu qərarlaşıb. Burada müddətli əmanətlər üzrə faiz 10,60 faiz, portfelin həcmi isə 85 milyon 848 min manat təşkil edib.
Üçüncü pillədə Abşeron-Xızı iqtisadi rayonu yer alıb. Bu iqtisadi rayonda faiz dərəcəsi 10,59 faiz, əmanətlərin məbləği isə 376 milyon 745 min manat olub.
Gəncə-Daşkəsən və Quba-Xaçmaz iqtisadi rayonlarında isə müddətli əmanətlər üzrə orta faiz dərəcəsi eyni – 10,54 faiz səviyyəsində qeydə alınıb. Bakı iqtisadi rayonunda isə müddətli manat əmanətlərinin gəlirliliyi 10,21 faiz (5 milyard 935 milyon 996 min manat) təşkil edib.










