Azərbaycanda regionlar üzrə milli valyutada cəlb olunmuş əmanətlərin statistikası bəzi iqtisadi rayonlarda bu göstəricinin çox aşağı səviyyədə olduğunu göstərir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, siyahıda ən aşağı əmanət həcmi Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda cəmi 779 min manat əmanət cəlb olunub ki, bu da 4,84%-lik orta faiz dərəcəsi ilə müşayiət olunub.
İkinci ən aşağı göstərici isə Dağlıq Şirvan iqtisadi rayonuna aiddir. Burada cəlb olunan əmanətlərin həcmi 45 milyon 371 min manat təşkil edib və 6,08%-lik orta faiz dərəcəsi ilə qiymətləndirilib.
Ən az əmanət cəlb edən digər regionlar sırasında Mil-Muğan iqtisadi rayonu da var. Bu rayonda 46 milyon 38 min manat həcmində əmanət cəlb edilib və orta faiz dərəcəsi respublika üzrə ən aşağı göstərici olan 4,63% olub. Siyahını Şirvan-Salyan (69 milyon 622 min manat həcm və 5,46% faiz) və Naxçıvan (74 milyon 105 min manat həcm və 5,22% faiz) iqtisadi rayonları davam etdirir.
Tələbli əmanətlər üzrə ən aşağı həcm 414 min manatla Şərqi Zəngəzurda qeydə alınıb (0% orta faiz). Müddətli depozitlər üzrə də ən aşağı göstərici 365 min manatla bu rayona aiddir, lakin təklif olunan faiz dərəcəsi 10,34% ilə respublika ortalamasına yaxındır.