Azərbaycanın iqtisadi rayonları üzrə cəlb olunmuş əmanətlərin statistikası, bankların regionlarda vəsait cəlb etmək üçün daha cəlbedici şərtlər təklif etdiyini göstərir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, respublika üzrə ümumi əmanət portfeli 15 milyard 460 milyon 550 min manat, orta faiz dərəcəsi isə 5,08% təşkil etdiyi halda, bəzi iqtisadi rayonlarda bu faiz dərəcəsi xeyli yüksəkdir.
Əmanətlər üzrə ən yüksək orta gəlirlilik 6,91% ilə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu regionda banklar tərəfindən cəlb olunmuş əmanətlərin ümumi həcmi 577 milyon 562 min manat təşkil edib.
İkinci yerdə 6,78% orta faiz dərəcəsi və 254 milyon 933 min manatlıq əmanət həcmi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. İlk üçlüyü Qazax-Tovuz iqtisadi rayonu tamamlayır ki, burada əmanətlər üzrə orta gəlirlilik 6,64%, cəlb olunmuş vəsaitin həcmi isə 123 milyon 705 min manat olub.
Yüksək faiz dərəcələri təklif edən digər regionlar arasında Mərkəzi Aran (6,40% faizlə 131 milyon 604 min manat) və Quba-Xaçmaz (6,18% faizlə 153 milyon 36 min manat) iqtisadi rayonları da yer alıb.
Bu göstəricilər göstərir ki, banklar paytaxtdan kənarda, xüsusilə Abşeronətrafı və qərb bölgələrində əmanət cəlb etmək üçün daha rəqabətli faizlər təklif etməyə meyillidirlər.