Əhalinin ən az pul saxladığı rayonlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə bank əmanətlərinin ən az olduğu bölgələr əsasən işğaldan azad edilmiş ərazilər və bəzi dağlıq rayonlardır.
Siyahının son pilləsində (ən az əmanət) Cəbrayıl rayonu qərarlaşıb. Rayon üzrə banklarda cəmi 0,1 milyon manat vəsait yerləşdirilib.
İkinci yerdə yenidənqurma işlərinin sürətlə davam etdiyi Zəngilan rayonu gəlir – burada əmanət portfeli 0,3 milyon manat təşkil edir.
Laçın rayonu 0,4 milyon manat göstərici ilə üçüncü sırada yer alıb. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda isə bu rəqəm 0,7 milyon manat olub.
Ən az əmanətə malik beşinci bölgə Xızı rayonudur – 0,9 milyon manat.
Altıncı yerdə Kəngərli rayonu qərarlaşıb. Burada banklara yatırılan vəsaitin həcmi 1,3 milyon manat olub.
Yeddinci və səkkizinci yerləri eyni göstərici ilə Yardımlı və Qobustan rayonları bölüşür – hər birində 1,5 milyon manat.
Siyahının doqquzuncu pilləsində Şahbuz rayonu (1,6 milyon manat) qərarlaşıb. Ən az əmanət olan rayonların onluğunu isə cənub bölgəsindən Lerik rayonu (2,1 milyon manat) tamamlayır.










