Əhalinin ən çox pul saxladığı rayon və şəhərlər açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, banklarda yerləşdirilən əmanətlərin həcminə görə ən zəngin şəhər və rayonların reytinqi müəyyənləşib.
Siyahıya Bakı şəhəri başçılıq edir. Paytaxtda yerləşdirilən əmanətlərin ümumi həcmi 14 milyard 778,4 milyon manat təşkil edib.
İkinci yerdə ölkənin sənaye mərkəzi Sumqayıt şəhəri qərarlaşıb. Burada banklara yatırılan vəsaitin həcmi 392,3 milyon manat olub.
Gəncə şəhəri 241,4 milyon manat göstərici ilə üçüncü sırada yer alıb. Onu cüzi fərqlə paytaxta yaxınlığı ilə seçilən Abşeron rayonu izləyir – 220,7 milyon manat.
Siyahının beşinci pilləsində şimal bölgəsinin iqtisadi mərkəzlərindən olan Xaçmaz rayonu (85 milyon manat) qərarlaşıb.
Altıncı yerdə cənub bölgəsini təmsil edən Lənkəran rayonu gəlir – 75,1 milyon manat.
Naxçıvan şəhəri 68 milyon manat əmanət portfeli ilə yeddinci sırada yer alıb. Səkkizinci sırada energetika şəhəri Mingəçevir dayanır – 59 milyon manat.
Siyahının doqquzuncu pilləsində Bərdə rayonu (48 milyon manat) qərarlaşıb. İlk onluğu isə Quba rayonu (46,2 milyon manat) tamamlayır.










