Bu ilin sentyabrın 1-i vəziyyətinə, Azərbaycan bankları tərəfindən iqtisadi rayonlara ümumilikdə 28,7 milyard manat kredit verilib.
FED az Mərkəzi Banka istinadən xəbər verir ki, rəsmi statistika regionlar arasında həm kreditləşmə həcmində, həm də orta faiz dərəcələrində kəskin fərqlər olduğunu ortaya çıxarıb.
Kreditləşmənin həcminə görə ən aşağı göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb – cəmi 20,9 milyon manat. Bu göstəriciyə görə sonrakı yerləri Dağlıq Şirvan (200,8 milyon manat), Mil-Muğan (320,6 milyon manat), Şirvan-Salyan (460,4 milyon manat) və Naxçıvan (466,3 milyon manat) iqtisadi rayonları tutur.
Kreditlər üzrə ən aşağı orta faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (12,63%) müşahidə olunub. Ən ucuz kreditlər təklif edən digər iqtisadi rayonlar isə Şərqi Zəngəzur (13,84%), Naxçıvan (15,35%), Abşeron-Xızı (16,48%) və Gəncə-Daşkəsən (17,66%) iqtisadi rayonlarıdır.