2024-cü ildə əvvəlki ilə nisbətən Azərbaycanda əhali tərəfindən elektrik enerjisi istehlakının artım dinamikası məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-də ölkədə əhali üzrə enerji istehlakı 6,2% artaraq 7 milyard 34,2 milyon kVt·saata yüksəlib.
İllik müqayisədə əhali tərəfindən enerjisi istifadəsinin ən çox artması (işğaldan azad edilmiş və yenidən qurulan əraziləri nəzərə almadan) Abşeron rayonunda baş verib. Rayonda enerjidən istifadə illik 42 milyon kVt·saat və ya 9,3% artıb. Bununla da rayonda əhali üzrə elektrik enerjisi istehlakı 497 milyon kVt·saata yüksəlib.
Paytaxt Bakıda istehlak 249 milyon kVt·saat və ya 8,7%-lik artımla 3,1 milyard kVt·saata yüksəlib.
Son illər sürətli dəyişikliklər olan Naxçıvan Muxtar Respublikasında enerjidən istifadədə illik artım 11,5 milyon kVt·saat və ya 8,5% təşkil edib.
Yüksək artım göstərən digər rayon Gədəbəydir, rayonda 2024-cü il üzrə istehlak 29,1 milyon kVt·saat təşkil edib ki, bu da illik 1,9 milyon kVt·saat (7,0%) artım deməkdir,
Gəncə şəhəri üzrə 12,2 milyon kVt·saat və ya 6,6% artım baş verib və ötən ilin sonuna istehlak 198,2 milyon kVt·saata çatıb.
Bu siyahıda diqqəti çəkən digər istiqamət Qusar rayonudur. 2024-cü ildə Qusar - əhalinin enerjidən istifadəni ən çox artıran rayonlardan biri olub.
Ötən il burada əhali 52,2 milyon kVt·saat enerji istifadə edib və istifadəni 2023-cü ilə nəzərən 3,2 milyon kVt·saat (6,5%) artırıb.