Bu il Yeni İli ölkədaxili istirahət obyektlərində qarşılamaq istəyən Azərbaycan vətəndaşlarının sayı ötən ilə nisbətən azdır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyasının xarici turizm komitəsinin rəhbəri Ayxan Əlləzli məlumat verib.
“Məsələn, hər il olduğu kimi bu il də Yeni İl mövsümü üçün Qəbələ rayonu istiqamətində yerli turistlərin axını var. Amma ötən illə müqayisədə axın zəifdir. O vaxt Qəbələdə boş yer tapmaq olmurdu, indi isə boş yerlər hələ ki, var”, - deyə o, qeyd edib.
Eləcə də bax: Turistlər Azərbaycana gələrkən daha çox hansı aviaşirkəti seçirlər?
Bu il bayramı xaricdə keçirmək istəyən azərbaycanlıların da sayı azalıb. Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev bunu bir sıra ölkələrdə ictimai-siyasi vəziyyətin narahatlıq doğurması ilə izah edib.
“Təbii ki, azərbaycanlılar problemlə üzləşməyəcəkləri ölkələrə səfər edirlər. Məsələn, vətəndaşlarımız Avropa ölkələri arasında həmişə Fransaya, konkret olaraq Parisə getməyə üstünlük verirlər. Amma hazırda Fransa paytaxtında yaşanan məlum hadisələrə görə Parisə maraq azalıb. Ora alınan aviabiletlər geri qaytarılır. Turizm şirkətləri özləri də insanlara Parisə getməyi tövsiyyə etmirlər. Çünki, turistlərin təhlükəsizliyinə heç kim zəmanət vermir. Əvəzində vətəndaşlara İtaliya və İspaniyanın müxtəlif şəhərləri məsləhət görülür. Həmçinin təhlükəsizlik baxımından Gürcüstana da maraq azalıb. Qonşu ölkənin paytaxtı Tbilisidə keçirilən mitinqlər yeni ili orada qarşılamaq istəyənləri fikrindən daşındırır, amma bu, yəgin ki, müvəqqətidir. Azərbaycanlıların dincəlməyə üstünlük verdiyi Dubaya maraq isə hər il olduğu kimi bu il də yüksək səviyyədədir, çünki orada hər hansı bir narahatlıq doğuran məqam yoxdur”, - deyə o, bildirib.
Yeni il ərəfəsində Azərbaycandan xaricə getmək istəyənlərin sayı azalsa, ölkəmizə gəlmək istəyən əcnəbilərin sayında ötən illə müqayisədə azalma yoxdur. Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinin rəhbəri Nəsib Usubovun “Report”a verdiyi məlumata görə, bayramı Bakıda keçirmək istəyənlər əsasən MDB ölkələrinin vətəndaşlarıdır.
“Bu ərəfədə ərəb ölkələrindən də Azərbaycana gəlmək istəyənlər var, amma bunun Yeni İlə aidiyyəti yoxdur. Çünki bu bayram müsəlman ölkələrində qeyd olunmur. Yeni ili qarşılamaq üçün bura üz tutanlar əsasən Rusiya və Ukrayna kimi ölkələrin vətəndaşlarıdır. Onlar isə bayramı daha çox Bakıda keçirməyə üstünlük verirlər”, - deyə o, qeyd edib (report.az)