Əksər supermarketlərin qarşısında parklanma yerləri var. Həmçinin parklamaya kömək edən şəxslər ərazidə olurlar. Ancaq bu parklanma yerləri "Azparking'' tətbiqinə aid deyil. Bəs bu parkinqlər qanunidirmi? Onların işinə hansı qurum və necə nəzarət edir?
Rəhman Hümmətov: "Bəzi hallarda vətəndaşlardan parklanmaya görə qanunsuz ödəniş tələb edilir"
FED.az xəbər verir ki, ictimai iaşə obyektlərinin əksəriyyətinin qarşısında parkinq üçün yer olsa da, bu, qanunla yox, məhz insanlar tərəfindən tənzimlənir. Elə bu gün çəkiliş apardığımız zaman da bunun canlı şahidi olduq.
Əsasən supermarketlərin qarşısında rastlaşdığımız bu paklanma nəzarətçiləri ilə həmsöhbət olduq. Deyirlər ki, qiyməti özləri tənzimləmirlər. Amma hər gün bu xidmətə görə qazanc əldə edirlər.
Sürücülər isə bu nəzarətçilərin onlara zərərinin yox, əksinə, daha çox xeyirinin olduğunu bildirirlər. Bunu da özlərinə məxsus şəkildə əsaslandırırlar.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Agentlik yalnız avtomobil yollarının kənarında quraşdırılan parklanma yerlərinə nəzarət edir. (Xezerxeber.az)