Bakıda ikigünlük “Caspian Air Cargo 2019” adlı beynəlxalq sammit işə başlayıb.
FED.az xəbər verir ki, “Silk Way Airlines” şirkətindən “verilən məlumata görə, sammitin təşkilatçıları qismində Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way” və İsveçin "Euroavia International" şirkəti çıxış edir.
Eləcə də bax: Turizm şirkətlərinin vasitəçiliyi ilə Azərbaycandan xaricə gedənlərin - SAYI AZALIB
200-dən çox menecer və tanınmış dünya şirkətlərinin rəhbərlərinin qatıldığı illik forum çərçivəsində logistika sahəsində mövcud tendensiyalar, habelə yaxın gələcək üçün proqnozlar müzakirə ediləcək.
Sammitdə “İpək Yolu”nun bölgədəki aviaşirkətlər və hava limanları üçün potensialının açılması mövzusuna xüsusi diqqət yetiriləcək. Həmçinin ayrı-ayrı sessiyalar logistika sahəsindəki innovasiyalara, MDB üzrə yükdaşımalar bazarındakı yeniliklərə, elektron ticarətə və digər aktual mövzulara həsr olunacaq.
Tədbirdə açılışında çıxış edən Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov qeyd edib ki, Şərq və Qərb arasında körpü kimi çıxış edən Azərbaycan beynəlxalq arenada tranzit daşımalar üzrə əsas tərəfdaşlardan biri kimi qəbul edilir.
Onun sözlərinə görə, Azərbaycanın mülki aviasiyası qarşısında qoyulan bütün vəzifələr uğurla icra edilir və Heydər Əliyev Beynəlxalq Aeroportunun mühüm logistika habına çevrilməsi bunu bir daha təsdiqləyir.
Qeyd edək ki, son illər “Silk Way” aviaşirkəti fəaliyyət sahəsini xeyli genişləndirərək əsas habı Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu olan "Avropa-Asiya" tranzit bazarında iri aviadaşıyıcıya çevrilmişdir.
Xatırladaq ki, 2012-ci ildə əsası qoyulduğu gündən yükdaşıyıcısı bütün dünyada bir çox istiqaməti əhatə etmək üçün marşrut şəbəkəsini daim genişləndirir. “Silk Way” Bakıdan on “Boeing 747” təyyarəsi ilə Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və bu kimi böyük nəqliyyat mərkəzlərinə reyslər həyata keçirir.
Apa