Bakı Nəqliyyat Agentliyi 5-i mövcud, 2-si isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.
Eləcə də bax: Daşıyıcı şirkətlər sürətlə müflisləşir - AVTOBUSLAR SATIŞA ÇIXARILIR
Bu barədə FED.az-a qurumdan bildirilib.
Məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166 və 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən onlar müsabiqəyə çıxarılıb.
Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin təlabatı nəzərə alınaraq metronun “Xalqlar Dostluğu” stansiyasını "Binə" Ticarət Mərkəzi ilə əlaqələndirən E1 və "Sədərək" Ticarət Mərkəzi ilə əlaqələndirən E2 nömrəli yeni sürətli rejimdə müntəzəm marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.
Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.