İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin (AYNA) ilə birlikdə əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidməti istifadəyə verib.
AYNA: Bilet-uçot vərəqi olmadan sərnişin daşıyanlar cərimələnəcək
FED.az xəbər verir ki, bu barədə iki nazirliyin birgə açıqlamasında bildirilir.
Məlumata görə, martın 1-dən tam istifadəyə veriləcək elektron xidmət “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanuna, “AYNA informasiya sistemi haqqında Əsasnamə”yə, eləcə də Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli qərarına uyğun olaraq hazırlanıb.
Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi (e-qaimə) ilə rəsmiləşdirilmədən daşınması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır və bu qaydaların pozulmasına görə 40 manat cərimə nəzərdə tutulub.
Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir. Bu sənəd yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Əmtəə-nəqliyyat qaiməsində yükalanın ünvanı, yükün çatdırılma yeri, miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərilmə vaxtı, avtonəqliyyat vasitəsinin növü və digər məlumatlar qeyd olunur. Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsi bölməsini seçmək lazımdır.
Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı və eləcə də ticarət sahələrində şəffaflığın təmin edilməsini hədəfləyir. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi zamanı gücləndirilmiş elektron imzadan istifadə nəzərdə tutulur.