“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən bəzi yükdaşımalarına tətbiq olunan güzəştlər ləğv edilib. Xüsusilə kükürd yüklərinin daşınmasına görə ekspeditor şirkətlərə verilən endirim artıq tətbiq olunmur.
Bu barədə FED.AZ-a müsahibəsində “Sara Logistics” şirkətinin rəhbəri Ülvi Ocaqlı bildirib.
“Tariflər 20% bahalaşıb, amma indiki qədər daşımalar heç vaxt olmayıb” - MÜSAHİBƏ
Onun sözlərinə görə, əvvəllər kükürd yüklərinin dəmir yolu ilə daşınmasına xüsusi güzəştlər tətbiq olunurdu. Lakin həmin güzəştlər sonradan aradan qaldırılıb.
“Kükürd yükünün daşınmasında 2023-cü ilə qədər Azərbaycan Dəmir Yollarında endirim var idi. O endirim ləğv olundu. Bu, ekspeditorlara verilən endirimlər idi”, – deyə şirkət rəhbəri bildirib.
Ülvi Ocaqlı qeyd edib ki, ADY tərəfindən yükdaşıma tariflərinə mütəmadi olaraq yenidən baxılır. Bunun üçün qurumun Marketinq və Tarif şöbəsi müxtəlif yük kateqoriyaları üzrə daşımaların həcmini və bazardakı vəziyyəti təhlil edir.
Şirkət rəhbərinin sözlərinə görə, tarif dəyişiklikləri yüklərin növündən asılı olaraq fərqlənir və müvafiq protokollar əsasında həyata keçirilir.
O əlavə edib ki, son dövrlərdə ADY-nin yükdaşıma tariflərində təxminən 10–20% artım müşahidə olunur.
Bununla belə, Ülvi Ocaqlı ADY-nin tariflərini ümumilikdə sərfəli hesab edir. Onun fikrincə, dəmir yolu ilə daşımaların yük tutumu avtomobil nəqliyyatından yüksək olduğuna görə bu nəqliyyat növü iri həcmli yüklər üçün iqtisadi baxımdan əlverişlidir.













