Rusiya hökuməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 17 gəmisinin Xəzər dənizindən Azov dənizinə Həştərxandan Volqa çayı ilə Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-Dona və əks istiqamətdə hərəkətinə icazə verib.
2 ildə 10 min ədədən çox TIR daşıyan “Azərbaycan” gəmisi
Bu barədə FED.az-a ASCO-dan məlumat verilib.
Məlumata görə, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan bayrağı altında üzən “Qaradağ”, “Teymur Əhmədov”, “Maestro Niyazi”, “Qafur Məmmədov”, “Üzeyir Hacıbəyli”, “Natəvan”, “Rəsul Rza”, “Hüseyn Cavid”, “General Aslanov”, “Şair Sabir”, “Şair Vaqif”, “Mahmud Rəhimov”, “Gəncə”, “Professor Əziz Əliyev”, “Laçın”, “Kəlbəcər”, “Akademik Xoşbəxt Yusifzadə” gəmilərinə Rusiyanın daxili su yolları ilə Xəzər dənizindən Azov dənizinə və əks istiqamətdə tranzit məqsədilə çoxsaylı keçidinə icazə verilir.
Gəmilər xarici gəmilər üçün açıq dəniz limanlarında yaradılmış Rusiyanın dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, federal dövlət sanitariya-epidemioloji, karantin, fitosanitar və baytarlıq nəzarətindən keçəcəklər.