Yeni tikililərdən alınan mənzilin sahəsi, çıxarış verilərkən daha kiçik olduğu aşkar olunarsa, ev sahibi buna görə tikinti şirkətindən kompensasiya tələb edə bilər. Artıq bununla bağlı müştərilərin xeyrinə çıxarıldan çoxsaylı məhkəmə qərarları var.
FED.az xəbər verir ki, bu barədə daşınmaz əmlak mübahisələri üzrə məhkəmə işlərində iştirak edən vəkil İsrafil Əlili bildirib.
«Yeni mənzil almısınız, məsələn 130 kvadratmetr evin ödənişini etmisiniz. Lakin sonradan çıxarış (kupça) alınanda məlum olur ki, evin ahəsi 130 deyil, daha kiçikdir, məsələn 110-115 kvadratmetr. Bu halda nə edə bilərsiniz?» sualına cavab verən vəkil bildirir ki, mənzilin sahəsinin alqı-satqıda elan ediləndən daha kiçik çıxması o deməkdir ki, MTK sizə qüsurlu mənzil satıb.
«Əgər MTK sizdən 130 kvadratmetrlik mənzilin pulunu alıbsa, amma sonradan çıxarış alanda burada daha az kvadrat sahəsi yazılıbsa, siz çatışmayan, məsələn 15-20 kvadratmetr sahənin pulunu MTK-dan məhkəmə yolu ilə geri ala bilərsiniz. Evin vkvadratmetri məsələn 2000 manatdırsa, siz çatışmayan hissənin pulunu, yəni tutaq ki, 30-40 min manatı MTK-dan məhkəmə yolu ilə tələb edib ala bilərsiniz».
Vəkil bildirir ki, hazırda bununla bağlı kifayət qədər məhkəmə tiəcrübəsi formalaşıb: «məhkəmələr ekspertiza təyin edir və məlum olur ki, mənzilin sahəsi həqiqətən maliyyə arayışında göstəriləndən aşağıdır. Bu isə o deməkdir ki, MTK vətəndaşı aldadıb. Bununla bağlı kuifayət qədər məhkəmə təcrübəsi var, yəni məhkəmələr vətəndaşın xeyrinə qərar çıxarıb və alıcıya kompensasiya təyin ediblər, belə qərarların sayı çoxdur»- deyə vəkil bildirib.