Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir.
FED.az xəbər verir ki, mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Samux rayonunda “Samux – Yeni yaşayış kompleksi” layihəsiçərçivəsində ümumilikdə 9 bina inşa olunub. Hər binada 2 blok və 4 mərtəbə nəzərdə tutulub. Mənzillərin yerləşməsi mərtəbədən asılı olaraq 2 və ya 3 mənzildən ibarətdir. Hazırda satışa çıxarılan mərhələdə 2 bina üzrə 16 mənzil təklif olunur.
Kompleksin üstünlükləri sırasında bütün mənzillərdə kombi isitmə sistemi, geniş və yaşıllıqla təmin olunmuş həyətlər, söhbətgahlar, yerüstü parkinq yerləri, eləcə də binaların həyətlərində uşaq meydançaları var. Layihədə həmçinin 50 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçası, 140 şagirdlik orta məktəb, inzibati bina və klub-icma mərkəzi inşa edilir.
Satışa çıxarılan mənzillər müxtəlif ölçülərdə təqdim olunur:
- 2 otaqlı mənzillər – 62,8 m²-dən 70,3 m²-dək
- 3 otaqlı mənzillər – 79,8 m²-dən 80,5 m²-dək
- 4 otaqlı mənzillər – 100,5 m²
Satışa çıxarılan 4 otaqlı mənzillərin kvadrat metrinin dəyəri 435-450 manat arasında, ümumi qiyməti 43-46 min manat arası dəyişir.
Ümid qəsəbəsində inşa edilən “Yeni yaşayış kompleksi”ndə yerləşən Bina-1, Mənzil 47 alıcılara təqdim olunur. 83,5 m² sahəyə malik olan 3 otaqlı mənzil 1-ci mərtəbədə yerləşir. Mənzilin qiyməti 58 min 450 manat təşkil edir ki, bu da hər kvadratmetrə görə 700 manat deməkdir.
Kürdəxanı qəsəbəsindəki kompleksdə yerləşən Bina-1, Mənzil 32 71 m² sahəyə malikdir. 3 otaqlı mənzil 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Mənzil alıcıya 59 min 640 manata təklif olunur . Bu da hər m² üçün 840 manat deməkdir.
Ramana qəsəbəsindəki “Yeni yaşayış kompleksi”ndə həm 3, həm də 4 otaqlı mənzillər satışa çıxarılıb.
6-cı və 8-ci binadakı mənzillər hər kvadrat metri 800 manata təklfi olunur. Buradakı mənzillərin ümumi qiyməi 80-85 min manatdan bir qədər yüksəkdir.
Bina-16, Mənzil 31 – 100,7 m² sahəyə malik 4 otaqlı mənzilin qiyməti 85 min 595 manata təklif olunur. Bu mənzilin hər kvadrat metri 850 manatdır.
Bina-14, Mənzil 37 – 79,2 m² sahəyə malik 3 otaqlı mənzilin qiyməti 67 min 320 manata bərabərdir. (850 manat/m²).
Abşeron rayonunda yerləşən “Yeni yaşayış kompleksi”ndə isə bir neçə mənzil alıcılara təqdim olunur. Bu mənzillərin sahəsi 69 m²-dən 82,8 m²-yə, qiymətləri isə 53 min 976 manatdan 68 min 724 manata qədər dəyişir.
Təkliflər arasında həm 3 otaqlı, həm də 4 otaqlı mənzillər var:
3 otaqlı mənzillər əsasən 69–71 m² sahəyə malikdir və qiyməti 53 min – 57 min manat aralığında dəyişir.
4 otaqlı mənzillər isə 82,8 m² sahəyə malikdir, qiyməti isə 64 min – 68 min manat arasında dəyişir.
(Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.