Dünyada mebellərin qiymətində bahalaşma qeydə alınmaqdadır. Bu, istehsalçı ölkələrdəki mövcud iqtisadi durum və Ukraynadakı müharibə ilə əlaqələndirilir. Azərbaycanda toy mövsümünün başladığını nəzərə alsaq, mebel bazarında canlanma gözlənilir. Qiymətlərin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı fikirlər isə birmənalı deyil.
Azərbaycana gətirilən taxtadan oturma mebellər gömrük rüsumundan - AZAD EDİLİR
Ailə həyatı qurmağa hazırlaşan gəncləri maraqlandıran ən mühüm nüanslardan biri də cehizlik mebellərin qiymətidir. Son zamanlar artan qiymətlər fonunda mebellərin bazar dəyərində də dəyişikliklər var. Təəssüf ki, bu dəyişiklik azalan yox, artan istiqamətdədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,3 faiz, ötən ilin mart ayına nisbətən 111,6 faiz olub. Statistikaya görə, bahalaşan məhsulların içində mebellər də var. Bəs bahalaşmalara səbəb nədir?
«50 manatlıq məhsulu 140 manata alırıq»
FED.az xəbər verir ki, mebel istehsalçısı Emil Bayramovun sözlərinə görə, mebellərin bahalaşmasına səbəb idxal zamanı artan xərclərdir: “Dünyanın bir çox ölkələrinə aksesuarlar Çindən gedir. Bu aksesuarlar bizə 120-130 faiz baha başa gəlir. Orada 50 manata olan aksesuarları biz 120-130 manata alırıq. 50 manata olan məhsul ölkəyə maksimum 80 manata gəlib çıxmalıdır ki, satan da 90 manata satsın. Amma 50 manata alınan aksesuar 120-140 manata gələndə, satıcı da onu 160-170 manata satır”.
Bazarda rəqabət çox azdır
İstehsalçının fikrincə, qiymətlərə təsir edən amillərdən biri də rəqabətin zəif olmasıdır: “Əslində, xarici bazarda hazır məhsullar baha deyil. Amma daşınma və gömrük xərcləri qiymətlərin bahalaşmasına gətirib çıxarır. Hazır məhsulu almaq sərf etmir, xammal daha sərfəlidir. Bazarda rəqabət çox azdır. Məsələn, elə aksesuarlar var ki, böyük rəqabət var. Hamı eyni aksesuarlardan gətirir, ona görə qiymətlər normaldır. Amma müəyyən aksesuarlar var ki, çox bahadır. Təsiredici amillərdən biri də budur”.
E.Bayramov bildirdi ki, yerli bazarda xammal yoxdur: “Adi laminatın üz qabığını, DSP-sini xaricdən gətirirlər. Burada aparat sadəcə üzləyir. Xaricdə DSP-də və yaxud üz qabığında qiymət oynayan kimi, burada da avtomatik yüksəlir. Ölkədə adi bolt da istehsal olunmur. Bunlar hamısı mebel istehsalına təsir edir».
Xammalın gətirildiyi 4 istiqamət
İqtisadçı Xalid Kərimli dedi ki, mebel sənayesində qiymətlərin bahalaşması 2020-ci ildən başlayıb: “Əsas səbəb xammalın bahalaşması idi. Xammal əsas 4 istiqamətdən gətirilir: Rusiya-Belarus, Türkiyə, İran, Çin. Dünyada baş verən proseslər bu bazarlara ciddi təsir göstərdi. Xüsusən də pandemiyadan sonra tələbin kəskin artması, inflyasiya bu sahədəki məhsul və xidmətləri kəskin bahalaşdırdı”.
Mebel daşımaq üçün vaqonlar tapılmır
X.Kərimli qeyd etdi ki, materialların qiyməti ucuzlaşsa da, daşınma xərcləri artdı: “2021-ci ildən 2022-ci ilin əvvəllərinə qədər mebel sənayesində geniş istifadə olunan materiallardan MDF və DSP-nin qiymətində 2 dəfə bahalaşma var idi. Sonradan Rusiyaya, Belarusa tətbiq edilən sanksiyalar oradan gələn materialların qiymətini bir qədər aşağı saldı. Amma eyni zamanda logistika ilə əlaqədar xərclər artdı, daşınmanın qiyməti bahalaşdı. Vaqonlar ərzaq, strateji məsələlərə görə müharibə zonasına cəlb olundu, vaqon tapmaq müşkülə çevrildi”.
Türkiyədən ixrac olunan məhsullar da bahalaşıb
İqtisadçının sözlərinə görə, eyni problemlər Türkiyədə də müşahidə edildi: “Türkiyədən mebel aksesuarları alınır. Tır daşımaçılığı Türkiyədə bahalaşdı. Oradan ixrac olunan məhsulların qiymətinin bahalaşması indi də davam edir. Çünki enerji qiymətləri bahalaşdı. Qardaş ölkədə müşahidə olunan inflyasiya məhsul qiymətlərini də artırdı. Pandemiyadan sonra Çindən gələn konteynerlərin qiyməti 4-5 dəfə bahalaşmışdı. Sonra bir qədər ucuzlaşmasına baxmayaraq, bütün bu amillər məhsulların, xammalın bahalaşmasına gətirib çıxarır”.
3-5 faizlik bahalaşma müşahidə oluna bilər
X.Kərimli bildirdi ki, bir çox sahibkarlar bahalaşmadan sonra məcbur olub fəaliyyətini dayandırdı: “Bir tərəfdən də minimum əməkhaqqının artırılması, əmək bazarında inflyasiya da öz təsirini göstərdi. Çünki artımlar fonunda işçilərin maaşı da qaldırılmalıdır. Bunlar həm istehsalçı, həm də idxalçı sahibkarların xərcinə təsir etdi. İcarə haqlarının artırılması da səbəblərdəndir. Əslində, satıcı da istəməz məhsulun qiyməti bahalaşsın. Çünki bahalaşanda məhsulu istədiyi qədər sata bilmir. Mağazaların bağlanması da bunun nəticəsindədir”.
İqtisadçının fikrincə, mebel bazarında qiymətlər bundan sonra kəskin bahalaşmayacaq: “3-5 faizlik bahalaşma müşahidə oluna bilər. Amma kəskin bahalaşma olmayacaq. Çünki bazar artıq müharibədən sonrakı vəziyyətə adaptasiya olub, xərcləri nəzərə alıb”. (Kaspi.az)