Azərbaycanda mebel istehsalı və satışı ilə məşğul olan “Embawood” şirkəti “Madeyra” brendi üzrə məhsulların çeşidinin azalmasının səbəbi bilinib.
“Embawood” şirkətinin marketinq meneceri Vüsal Hüseynov FED.az-a açıqlamasında bildirib ki, bütün şirkətlər kimi pandemiya bizim üçün də gözlənilməz oldu və bunun nəticəsində xammal təchizatı ilə bağlı müəyyən çətinliklər yaşandı: “Bütün bunlarla yanaşı, eyni zamanda əməkdaşlarımızın sağlamlığı üçün pandemiya dövrünün müəyyən tələblərini nəzərə alaraq istehsal qrafiklərimizdə müəyyən dəyişikliklər etməli olduq. Əməkdaşlarımızın bir qisminin səfərbərliyə cəlb olunması da istər-istəməz iş prosesimizdə müəyyən müvəqqəti ləngimələrə də səbəb oldu”.
V.Hüseynovun sözlərinə görə, qeyd edilən bütün bu məqamlar istehsalat prosesinə də təsirsiz ötüşmədi. Ötən ildə ümumi istehsal həcmində azalma olsa da, 2021-ci ildə biz öncəki istehsal gücümüzü bərpa edirik və hazırda məhsul çeşidimizi artırmaq üzərində işləyirik”, - deyə şirkfət rəsmisi vurğulayıb.