Bu gün, noyabrın 5-i Bakı vaxtı ilə saat 09:00-dan etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib. İranın 700-dən çox şirkət və fiziki şəxsinə qarşı məhdudiyyət qoyulub. Onlardan bəzilərinin adları ABŞ-ın əvvəlki sanksiyalar siyahısında olmayıb.
ELƏCƏ DƏ BAX: İranda dollar neçəyədir? - SON MƏZƏNNƏ
ABŞ-ın dövlət katibi Maykl Pompeo İrana qarşı irəli sürülən 12 maddəlik şərtləri açıqlayıb. Başqa sözlə, Tehran hakimiyyəti aşağıdakı tələbləri yerinə yetirəcəyi təqdirdə, sanksiyalar götürülə bilər:
1.İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) əvvəlki nüvə proqramının hərbi aspektlərini tam açıqlamalı, bu istiqamətdə fəaliyyəti tamamilə dayandırmalıdır;
2.İran uranın zənginləşdirilməsini dayandırmalı və bir daha plutoniumdan istifadə edilməməlidir;
3.İran AEBA-nın ölkədəki bütün nüvə təsisatlarını təftişetmə haqqını tanımalıdır;
4.İran ballistik raket istehsalını, nüvə başlıqlı raketlərin sınağını və inkişaf etdirməyi dayandırmalıdır;
5.İran ABŞ, müttəfiqləri və ortaqlarının saxta ittihamlarla həbs etdiyi bütün vətəndaşlarını sərbəst buraxmalıdır;
6.İran "Hizbullah", HƏMAS, Fələstin İslami Cihad Hərəkatı da daxil omaqla, Yaxın və Orta Şərqdəki bütün terrorçu qruplaşmalara dəstəyini dayandırmalıdır;
7.İran İraq hökumətinin suverenliyinə hörmətlə yanaşmalı, Tehranyönümlü qruplaşmaların tərksilah edilməsi və onların yenidən inteqrasiya olunmasına icazə verməlidir;
8.İran Yəməndə husi qiyamçılarına hərbi dəstəyi kəsməli və ölkədəki problemin sülh yolu ilə həllinə çalışmalıdır;
9.İran Suriyadakı bütün qüvvələrini geri çəkməlidir;
10.İran Əfqanıstan və bölgədəki “Taliban”, həmçinin digər terrorçulara verdiyi dəstəyi dayandırmalı, “Əl-Qaidə”yə himayədarlıq etməkdən əl çəkməlidir;
11.İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qolu dünyadakı terrorçulara və qanunsuz silahlı ortaqlarına verdiyi dəstəyi dayandırmalıdır;
12.İran ABŞ-ın müttəfiq olan qonşularına qarşı hədələyici davranışlarına son qoymalı, İsraili məhv etməkdən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raket atmaq iddialarından əl çəkməlidir.
Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi birtərəfli sanksiya iki mərhələdən ibarətdir. Birinci mərhələ 90 gün davam etməklə avqustun 7-də başlayıb. Bu mərhələdə Tehran hakimiyyətinə dollar satılması, qızıl və başqa qiymətli metalların ticarətinin edilməsi qadağan olunub. Bundan başqa, ölkənin poladəritmə, daş kömür, avtomobil, mülki aviasiya, habelə tətbiqi sənət sahələrinə sanksiya tətbiq edilmişdi. İranın xarici borclarının bağışlanması da sanksiyalar çərçivəsində yasaqlanıb.
Məhdudlaşdırıcı tədbirin ikinci mərhələsi isə 180 gün sürəcək. 6 maddəlik sanksiya paketinin birinci maddəsi İslam Respublikasının Gəmiçilik Nəqliyyatı xətlərini, Cənub Gəmiçilik Nəqliyyatı Xətti kimi şirkətlər və onlara bağlı müəssisələri əhatə edir. İkinci və üçüncü maddələr neft sektoruna aiddir. Bu, İranın Milli Neft Şirkəti (NİOC) və Milli Tanker Şirkəti (NİTC) kimi qurumları əhatə edir. Bundan başqa, İrandan xam neft və neft, neft-kimya məhsullarının satın alınması beynəlxalq məhdudlaşdırıcı tədbirlərə daxil edilib. Dördüncü maddə İran Mərkəzi Bankı və ölkənin bəzi maliyyə qurumlarına aiddir. Beş və altıncı madddələr isə vasitəçilik və sığorta şirkətləri ilə İranın energetika sektoruna tətbiq olunan məhdudiyyətlərlə bağlıdır.
M.Pompeo bildirib ki, artıq sanksiyalar İran iqtisadiyyatına böyük təsir göstərib: “Çünki avropalı tərəfkeşlər qabaqcadan bu ölkədən öz bizneslərini çıxarmağa başlayıblar. Yüzlərlə şirkət İranı tərk etdi. İranın gündəlik milyon bareldən çox xam neftinin ixracını azaltmışıq. Bu say (İran neftinin çatdırılması) sonra da azalacaq. Artıq bir neçə ölkə İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldıb. İranın neft ixracatını sıfıra çatdırmaq üçün bir az daha vaxt lazımdır”.
Bu ilin oktyabr ayına olan məlumata əsasən, İranın gündəlik neft ixracı 700 min barel azalıb. İranın birinci vitse-prezidenti İshaq Cahangiri isə iddia edib ki, ABŞ-ın ikinci sanksiyasından sonra gündəlik neft hasilatı bir milyon barelə ensə də, dünya bazarında neftin qiymətinin bahalaşması hesabına ölkə iqtisadiyyatına bu sahədən gələn gəlirlər azalmayacaq. Son məlumatlara əsasən, İran gündə 3,8 milyon barel neft hasil etdiyi halda, 2,3 milyon barelini isə ixrac edir. Yaxın keçmişin təcrübəsinə əsasən, demək olar ki, Səudiyyə Ərəbistanı və OPEK-in digər üzvləri İranın neft ixracatının boşluğunu doldura bilir. Bu baxımdan, mütəxəssislər neftin qiymətinin 80 dollardan baha olmayacağını ehtimal edirlər. Rəsmi Tehran vəziyyətdən çıxmaq üçün “qara bazar”a da neft çıxara və ya bu istiqamətdə alver etdiyi dövlətlərə qeydiyyata alınmayan neft sata bilər. Bu, çox təhlükəli və riskli olduğundan onun alıcılarının yetərli olacağı da gözlənilmir. Yeri gəlmişkən, ABŞ 8 ölkəyə İran neftinin idxalı üçün güzəşt edib. Həmin dövlətlərin arasında Türkiyə, Hindistan, Yaponiya və Cənubi Koreya da var.
Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qazı Türkiyə ərazisindən keçərək Avropaya çatdıracaq boru xətti də sanksiya tətbiq olunmayan layihələr siyahısına salınıb.
Güzəşt tətbiq edilən dövlətlər ABŞ-ın bu addımının qarşılığında qiymət artımının qarşısını almaq üçün ümumi neft idxalını azaltmaq öhdəliyini də götürüblər. ABŞ-ın bu davranışı qarşısında onların borclu qalmamağa çalışacaqlarını və bu məsələdə Ağ evə başqa sahədə dəstək verəcəklərini gözləmək olar. Yəni müttəfiqləri sanksiyalar qarşısında Tehranı məyus edə bilər.
Əvvəlki illərin təcrübələri sübut edib ki, İran neftinin böyük bir hissəsini Çinə satıb. Belə bir halın baş verəcəyi ehtimalı bu dəfə azdır. Çünki Çin ABŞ-la iqtisadi planda qarşıdurma halındadır və hələlik amerikalıların tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən ziyan görür. İranın güvəndiyi dövlətlərdən biri də Rusiyadır. Rusiya isə ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Ölkənin “Lukoil”, “Zarubejneft” kimi şirkətləri İrandan çıxdıqlarını bildiriblər. Avropa nəhəngləri, “Total” və BP də İranda fəaliyyətini dayandırıb. Bütün bu kimi şirkətlər biznes fəaliyyətlərini təhlükə altına salmamaq üçün İslam Respublikasında fəaliyyətlərini dayandırdıqlarını bildiriblər. Çünki onların ABŞ-la ticarət əlaqəsinin həcmi İranla müqayisədə çoxdur.
Əgər irəli sürülən şərtlərə əməl edilməsə, sanksiyaların müddətinin uzanacağı istisna edilmir. Şərtlərdən də göründüyü kimi, sanksiya yalnız nüvə proqramı ilə bağlı deyil. ABŞ İrandan ətraf ölkələrdən çıxmasını, yaxud fəaliyyətini dayandırmasını, öz içinə doğru yığışmasını tələb edir. Bu o deməkdir ki, İran xarici ölkələrdən silahlı qüvvələrini çıxarmalıdır, həmin dövlətlərdəki silahlı dəstələri dəstəkləməyə son qoymalıdır. Başqa dövlətlərin ərazisindən çıxmaq böyük maliyyəyə başa gələcək.
İranın xarici siyasət kursunda “düşməni özgə torpaqlarda qarşılamalı” prinsipi var. Bu baxımdan, Tehranın özgə torpaqlarından, ABŞ və İsrailin mövcud olduğu ölkələrdən hərbi və ya silahlı qüvvələri çıxarması, yaxud silahlı qruplaşmaları dəstəkləməyi dayandırması düşmən saydığı bu dövlətlərin qarşısında tərksilah olmaqdır. Çünki İslam Respublikası bu vasitə ilə onların İrana təzyiqini azaltmağa nail olub.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejat
Beləliklə, sanksiyalar İranı hara apara bilər? İran hakimiyyəti üçün 12 şərtə əməl etmək çox çətin olacaq. Müqavimət göstərməyə isə o dərəcədə gücü və dəstəyi yoxdur. Bu zaman iki hadisə baş verə bilər: birincisi, hakimiyyət öz içindən ABŞ-la danışqlar aparmaq üçün yeni qüvvə çıxarar. Bu da mövcud rejimin ömrünü bir müddət də uzadar. Hakimiyyətdə təmsil olunanların itkisi az olar. Ancaq bunun müvəqqəti xaratker daşıyacağı da istisna olunmur. İranın keçmiş prezidentləri Məhəmməd Xatəmi və Mahmud Əhmədinejadın çıxışları buna hesablanıb. Onlar hakimiyyətə xəbərdarlıq edərək vəziyyətin ağır olduğunu vurğulayırlar. Hakimiyyətdaxili islahatçı xəttin liderlərindən biri olan Məhəmməd Xatəmi də ölkədə yeni etiraz aksiyalarının başlayacağı ilə bağlı xəbərdarlıq edib: “Hakimiyyət etdiyi səhvləri təkrarlayarsa, o zaman tənqidlər etiraz aksiyaları ilə əvəz olunacaq. Bundan sonra ölkənin aqibəti məlum deyil”. O, inqilabın islahatı qəbul etdiyini xatırladaraq rejim daxilində də islahat aparmaq istəyənlərin olduğunu söyləyib: “Əgər cəmiyyətdə islahatçıların bir iş görmədikləri qənaətinə gəlinərsə, onda xalq rejimi dəyişmək istəyənlərə tərəf yönələcək”.
İkinci hadisə hakimiyyətdən xaricdəki qüvvələrin vəziyyəti nəzarətə götürməsidir. Bu da İrandakı rejim üçün çox təhlükəlidir. Hadisənin bu istiqamətdə inkişafı isə ölkənin siyasi xəritəsinin dəyişməsinə qədər davam edə bilər. Odur ki, 12 şərt həm də İrandakı hakimiyyət üçün verilən tapşırıqdır...