Azərbaycanda fəaliyyət göstərən məşhur restoranlar Sevgililər günü kimi qeyd olunan 14 fevral tarixinə özəl olaraq hazırlaşıblar.
FED.az xəbər verir ki, ölkənin elit restoranlarında “Sevgililər günü”nün menyu və təklifləri eyni olsa da qiymətlər fərqlidir.
Bu dəfə “Ləzzətli yol xəritəsi” rubrikamızda 14 fevral Sevgililər gününə özəl olaraq hazırlaşan restoranların bu əlamətdar gün üçün təklif etdikləri menyu, əlavə xidmət və qiymətləri haqqında məlumat verəcəyik.
Sevgililər günündə 2 nəfərlik şam yeməyi sadəcə 95 manata
“Rixos Quba Azerbaijan” hotelinin “Challette” restoranında Sevgililər günü saat 19:00-da başlayacaq. Romantik şam yeməyi saat 20:00-da başlayan caz musiqisi sədaları altında saat 23:00-a qədər davam edəcək. Menyuda seçimdən asılı olaraq 2 çeşid salat, 3 çeşid yemək və desert təklif olunur. "Sevgililər günü" paketinin 2 nəfər üçün qiyməti 95 manatdır.
“Rixos Quba Azerbaijan” hotelindən saytımıza bildirdilər ki, həmin gün “Challette” restoranındakı bütün masalar romantik elementlərlə bəzədiləcək. Masalarda gül ləçəkləri və şamlar olacaq.
Bu restoran Sevgililər günündə hədiyyəli yarışma da keçirəcək
“HYATT REGENCY” hotelinin “Mezzo” restoranında axşam saat 7də başlayacaq Sevgililər günü canlı skripka musiqisi sədaları altında davam edəcək. Bu restorananın “Sevgililər günü” menyusuna 4 salat, 4 yemək və 3 desertdən ibarət, ümumi 11 çeşid yemək daxildir. Kampaniyanın 2 nəfər üçün qiyməti 150 manatdır.
“Mezzo” restoranından saytımıza bildirdilər ki, həmin gün cütlüklər hədiyyə də qazana biləcəklər. Belə ki, restoran sevgililərə özəl olaraq hədiyyəli yarışma da keçirəcək. Əlavə olaraq onu da qeyd etdilər ki, masalar şam və gül ləçəkləri ilə bəzədiləcək. Burada yer bron etmək üçün 2 gün əvvəlcədən müraciət etmək lazımdır.
570 manata romantik Sevgililər günü yeməyi
“Fairmont Hotel”in 19-cu mərtəbəsində fəaliyyət göstərən “Fairmont Gold Restaurant”da Sevgililər günü saat 19:00-da başlayacaq. Canlı musiqi ilə müşayiət olunan gecədə sevgililərə romantik elementlərlə – gül ləçəkləri və şamlarla bəzədilmiş masalarda şam yeməyi təklif olunur. Kampaniyaya 5 çeşid yemək və şampan şərabı daxildir. Bu özəl romantik şam yeməyinin 2 nəfər üçün qiyməti 570 manatdır.
Restorandan saytımıza bildirdilər ki, bu özəl gün üçün yer bron edən ilk 20 cütlüyə şəhər mənzərəsinin aydın göründüyü masada yer veriləcək. Yerlər məhddudur.
Şərab limitsiz olacaq
“Excelsior Hotel”in “Belvedere” restoranında da Sevgililər günü saat 19:00-da başlayacaq. Restoranın girişində xanımlara gül və cütlüklərə bir qədəh şampan şərabı təklif olunacaq(ödənişsizdir). 4 çeşid yeməkdən – başlanğıc yemək, əsas yemək, salat və qarnirdən ibarət olan bu romantik şamın 2 nəfər üçün qiyməti 118 manat olacaq. Yeməklər “plate to plate” aralığı ilə təqdim ediləcək. Şərab limitsiz olacaq.
Bu romantik gecə canlı musiqi ilə, masalar isə şamlar və gül ləçəkləri ilə bəzədiləcək.
Sevgililər günü paketinə 6 çeşid yemək daxildir
“JW Marriot Absheron Baku” hotelinin “Fire Worts” restoranında da Sevgililər günü axşam saat 7-də başlayacaq. Canlı skripka musiqisi sədaları altında baş tutacaq romantik şam yeməyində 6 çeşid yemək təklif olunacaq. Menyunun qiyməti 2 nəfər üçün 240 manat olacaq. Əlavə olaraq şərab paketinin qiyməti isə 55 manatdır. Şərab paketi istəyə görə seçilir.
Bu restoranda da masalar Sevgililər gününə özəl olaraq gül ləçəkləri və şamlarla bəzədiləcək.
Gül ləçəkləri ilə bəzədilmiş masada şam yeməyi
“Boulvard Hotel”in “Green House Kitchen” restoranında 19:00-da başlayıb 23:00-a qədər davam edəcək Sevgililər günü gecəsi cütlüklər canlı musiqi sədaları altında gül ləçəkləri ilə bəzədilmiş masalarda romantik şam edə biləcəklər.
Menyuya 5 çeşid yemək daxildir. 2 nəfər üçün ümumi qiymət 150 manat olacaq.
2 set menyu... şərab, yoxsa şampan şərabı?
“Four Season Hotel”də fəaliyyət göstərən “Caspia” restoranı 9-cu mərtəbədə yerləşir. Bu restoranda Sevililər günü saat 20:00-da başlayacaq, 23:00-a qədər davam edəcək. Restorandan bildirdilər ki, həmin gün üçün cütlüklərə 2 set menyu təklif olunur. Buradakı setlərin hər biri eynilə 3 çeşid yeməkdən ibarətdir. Sadəcə olaraq bir setdə şərab, digərində isə şampan şərabı verilir. Şərab ilə fərqlənən set menyunun 2 nəfər üçün qiyməti 350 manat, şampan şərabının yer aldığı meynunun 2 nəfər üçün qiyməti isə 450 manatdır.
Masalar şamlar və gül ləçəkləri ilə bəzədiləcək. Gecəni romantik caz musiqiləri müşayiət edəcək.
24-cü mərtəbədə Sevgililər günü
“Hilton” hoteldə fəaliyyət göstərən “Sky Grill” restoranı 18:00-da başlayacaq Sevgililər günündə cütlüklərə 6 çeşid yemək təklif edəcək. Gecə canlı musiqi ilə davam edəcək. Menyunun 2 nəfərlik qiyməti 240 manatdır.
Restorandan bildirdilər ki, burada Sevgililər gününü qeyd etmək istəyənlər əvvəlcədən "Hilton" hotelə yaxınlaşaraq bilet almalıdırlar.
Restoranlarda “Sevgililər günü” kampaniyası – QİYMƏTLƏR
18:12
9 Fev 2018