2025-ci ilin III rübündə müşahidə olunan qiymət korreksiyası bazarda zəifləmə deyil, yüksək baza fonunda normallaşma kimi qiymətləndirilə bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABB-nin "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" araşdırmasına istinadən xəbər verir.
Ümumilikdə, 2025-ci ildə torpaq sahəsi bazarında struktur möhkəmlənməsi müşahidə olunur.
Qiymət dalğalanmalarına baxmayaraq, torpağın ümumi dəyər səviyyəsi yüksək olaraq qalır və fərdi yaşayış evlərinin qiymət strukturunda torpağın xüsusi çəkisinin 70% ətrafında sabitləşməsi bunu təsdiqləyir. Bu, bazarın spekulyativ artımdan daha çox fundamental tələbə əsaslanan mərhələyə keçdiyini göstərir.
2025-ci ildə rayonlar üzrə torpaq sahələrinin qiymət fərqləri əsasən bazarın doyma səviyyəsi, təklifin məhdudluğu və alıcı davranışındakı dəyişikliklərlə izah olunur.
Mərkəzi və uzun müddət yüksək qiymət formalaşdırmış rayonlarda torpaq bazarı artıq yüksək baza səviyyəsinə çatdığı üçün qiymətlərdə normallaşma və selektiv tələbat müşahidə edilir. Alıcılar bu ərazilərdə daha ehtiyatlı qərar verir, bu da qiymət artım tempini zəiflədir.
Digər tərəfdən, bu kimi infrastruktur, nəqliyyat əlçatanlığı və biznes zonalarına yaxınlığı ilə seçilən rayonlarda torpaq sahəsinə olan maraq artmaqdadır. Burada təklifin nisbətən məhdud olması və gələcək inkişaf gözləntiləri torpağı investisiya baxımından daha cəlbedici edir.
Xətai rayonu üzrə 2025-ci ilin əvvəlində təklif qiymətləri 80,000 manatsəviyyəsində olsa da, alıcıların yüksək qiymətə marağının məhdudluğu səbəbindən II və III rüblərdə qiymətlərdə 20% azalma müşahidə edilib. Bu, bazarın artıq yüksək səviyyədə doymasını göstərən amil ola bilər.
Qiymətlərin azalması bazarın təklif-tələb tarazlığını əks etdirir və spekulyativ artım yox, real bazar şəraitinin nəticəsidir. Səbail rayonu üzrə III rübdə qiymətlər 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə -2% azalıb. Nizami rayonu üzrə torpaq qiymətləri daha stabil davranmışdır. Bu, Nizami rayonunda torpaq bazarında tələbin nisbətən sabit və balanslı olduğunu göstərir. İl əvvəli ilə müqayisədə III rübdə -2.8% ucuzlaşma müşahidə edilib.
Binəqədi rayonu üzrə torpaq qiymətlərinin artımının əsas səbəbi rayonu əsasən mərkəzi deyil, dənizə yaxın, bağ evi təyinatlı ərazilərdəki aktiv bazar davranışıdır. Bu ərazilərdə qiymət əlçatanlığı qiymətlərin artımına səbəb olub və həmin bölgədə bazar digər hissələrlə müqayisədə daha dinamik formalaşıb.
2025-ci ildə Sabunçu rayonu üzrə bazarda tələbin mövsümi artması və yeni layihələrə olan maraq qiymətlərin yüksəlməsini təmin edib. Xəzər rayonunda torpaq sahələrinin qiymətləri artım tendensiyasını qoruyur. Bu dinamika əsasən fərdi yaşayış evlərinə olan tələbin artması və rayon üzrə torpaq bazarının yüksək aktivliyi ilə əlaqədardır.
Ərazinin inkişaf potensialı və fərdi tikinti üçün əlverişli olması bazarda qiymətlərin yüksəlməsini dəstəkləyən əsas amillərdir.
2025-ci ildə Suraxanı rayonu üzrə qiymətlər yüksək baza səviyyəsində stabilləşib. I rübdə 23,2 min manat, III rübdə isə 22,4 min manat olub (–3,4% il əvvəli ilə müqayisədə). Bu, Suraxanıda torpaq bazarının sürətli artım mərhələsindən sonra tarazlaşma fazasına keçdiyini göstərir.
Qaradağ rayonunda 2025-ci ildə bazarda canlanma müşahidə edilib. 1R25 → 2R25 dövründə qiymətlər +28,2% yüksələrək 14,1 min manat olmuşdur. III rübdə isə 12,6 min manatsəviyyəsində stabilləşib. Abşeron rayonunda torpaq qiymətləri bütün dövr ərzində nisbətən sabit qalıb.
Son illərdə Bakı şəhərində torpaq bazarında qiymətlərin formalaşması əsasən təklifin məhdudluğu, ərazi üzrə diferensial inkişaf və alıcı davranışının dəyişməsi ilə xarakterizə olunur.
Mərkəzi və prestijli rayonlarda torpaq bazarı yüksək baza səviyyəsinə çatdığı üçün qiymət artımı daha çox normallaşma və selektiv tələbat fonunda baş verir. Bu ərazilərdə bazar artıq spekulyativ deyil, daha çox yerləşmə üstünlüklərinə və uzunmüddətli dəyər gözləntilərinə əsaslanır.















