Azərbaycan fintexləri 2025-ci ildə 38,8 milyard manatlıq əməliyyat aparıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "Baku Fintech Forum 2025" çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, cari ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankının lisenziyalaşdırdığı fintexlər ümumilikdə 38,8 milyard manat dəyərində əməliyyat həyata keçirib.
Vüsal Xəlilov əlavə edib ki, indiyədək Mərkəzi Bank tərəfindən 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına rəsmi lisenziya verilib. O bildirib ki, fintex sektorunun inkişafı istiqamətində atılan addımlar davam etdirilir.
“Mərkəzi Bank olaraq fintex sektorunun inkişafı üçün tədbirlərimizi davam etdiririk. Qeyd edim ki, artıq Azərbaycanda açıq bankçılıq sisteminin tətbiqinə başlanılıb və iki bank bu sahə üzrə işlərə start verib. Hazırda isə QR ödənişlərlə bağlı layihə üzərində çalışırıq”, – deyə sədr müavini vurğulayıb.