Maliyyə sektorunda baş verən köklü dəyişikliklərin əsas aparıcı qüvvələrindən biri şübhəsiz ki, fintex şirkətləridir.
FED.az xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxışı zamanı səsləndirib.
Vüsal Qasımlı xarici ekspertlərin proqnozlarına istinad edərək bildirib ki, qlobal fintex bazarının həcmi 2030-cu ildə 698.48 milyard ABŞ dollarına çatacaq. Onun sözlərinə görə, bu rəqəm təsadüfi deyil – bu, artıq yeni dövrün reallığıdır. Bu tendensiya fintexin yalnız maliyyə xidmətlərinin rəqəmsallaşdırılması deyil, bütövlükdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrildiyini göstərir.
Professor əlavə edib ki, McKinsey-nin son araşdırmasına əsasən, İT rəhbərlərinin 77 faizi süni intellektə investisiya yatırmağı planlaşdırır. BCG-nin araşdırmalarına görə, bankçılıq və sığorta sektorunda hələ də 13 trilyon dollardan çox gəlir mövcuddur ki, bu da fintex üçün geniş potensial deməkdir.