Turistlər Azərbaycanda öz ölkələrinin tətbiqi ilə ödəniş edə biləcək
FED.az xəbər verir ki, “Baku Fintech Forum 2025” çərçivəsində çıxış edən Azərbaycan Mərkəzi Bankının məhsul meneceri Emil Ağcayev AZQR standartının beynəlxalq normalara əsaslandığını bildirib.
Onun sözlərinə görə, bu standartın əsas üstünlüyü müxtəlif bank və fintex sistemlərində problemsiz işləyə bilməsidir. Emil Ağcayev qeyd edib ki, AZQR beynəlxalq standartlara uyğun hazırlandığı üçün digər ölkələrin QR ödəniş sistemləri ilə asan inteqrasiya imkanı yaradır.
“Bu isə o deməkdir ki, məsələn, Türkiyə və ya Qazaxıstanla inteqrasiyamız olarsa, həmin ölkədən gələn turistlər öz bank tətbiqləri ilə Azərbaycanda QR ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər,” – deyə Ağcayev bildirib.
O əlavə edib ki, bu praktika artıq Asiya ölkələrində geniş yayılıb və ölkələr bir-birinin QR sistemlərini tanıyır, dəstəkləyir. Azərbaycan da bu istiqamətdə irəliləyərək fintex sahəsində beynəlxalq inteqrasiyanı hədəfləyir.