Bakıda “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir.
FED.az xəbər verir ki, Beynəlxalq Bankçılıq Forumu ilə birlikdə təşkil olunan sammit regionda maliyyə sektorunun gələcəyini formalaşdırmaq məqsədilə sahənin liderlərini və tənzimləyici qurumları bir araya gətirir. Regionun aparıcı maliyyə tədbiri kimi bu sammit innovasiya, əməkdaşlıq və inkişafı təşviq edərək maliyyə sektorunun davamlı tərəqqisinə töhfə verir.
Fintex Sammit tendensiyalar, rəqəmsallaşma və inkişaf edən ödəniş sistemləri üzrə fikir və təcrübə mübadiləsi üçün mühüm platformadır.
Tədbirdə rəqəmsal valyutalar, innovativ bank məhsulları və bank–fintex əməkdaşlığı imkanları araşdırılır, eyni zamanda, təhlükəsizliklə bağlı çağırışlara da toxunulur. Sammit güclü hüquqi çərçivələrin vacibliyini vurğulamaqla yanaşı, maliyyə dayanıqlılığının artırılması, inklüzivliyin genişləndirilməsi və müştəri təcrübəsinin yaxşılaşdırılmasına yönəlmiş məsələlərə xüsusi önəm verir.
Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak edəcək. Ümumilikdə 1500-dən çox nümayəndənin, o cümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik nümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakı gözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və qabaqcıl təcrübələri bölüşəcək.