Azərbaycanın baş naziri Əli Əsədov mayın 18-də Bakıda belaruslu həmkarı Roman Qolovçenko ilə görüşüb.
Eləcə də bax: Gələn il Azərbaycanda Rusiya kombaynları - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, Qolovçenko qeyd edib ki, hər iki ölkə başçıları arasında əldə olunmuş razılaşmaların necə həyata keçirildiyini müzakirə etmək üçün Bakıya gəlib. “Biz özümüzlə ciddi təkliflər paketi gətirmişik və yaxın gələcək üçün əməkdaşlıq istiqamətlərini müəyyən etmək məqsədilə onu müzakirəyə təqdim etmək istəyirik”, - deyə o bildirib.
Belarus baş nazirinin sözlərinə görə, onun səfəri ticarət və investisiya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf potensialını müəyyənləşdirməyə kömək edəcək.
“Dünya iqtisadiyyatı üçün çətin olan ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi $885,5 milyona çatıb, ticarət dövriyyəsində demək olar ki, paritet mövcuddur və bu, hər iki ölkənin tədiyə balansı üçün yaxşıdır. Ötən il ikitərəfli ticarət üçün rekord il olub. Düşünürəm ki, bizim görüşümüz ticarət və investisiya sahəsində əməkdaşlığın inkişaf potensialını və təsərrüfat subyektlərinin birgə layihələr həyata keçirmələri üçün hökumətlər səviyyəsində həll edilməli olan problemli məsələləri müəyyən etməyə kömək edəcək”, - deyə Qolovçenko qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsi əlavə təkan verə bilər.
Bundan başqa, Belarus hökumətinin başçısı sənaye sahəsində kooperasiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edərək, Belarusun maşınqayırma müəssisələrinin Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığını misal gətirib: “Birgə əməkdaşlığın həyata keçirildiyi illər ərzində bu müəssisənin bazasında 12 mindən çox traktor və 4 mindən çox digər texnika istehsal olunub. Bu müəssisənin bazasında Belarusun digər texnika, məsələn, taxılyığan, yemyığan maşın istehsalçılarının iştirakı ilə maşınqayırma klasterinin yaradılmasına doğru istiqamət almağı düzgün hesab edirik. Elə həmin meydançada kənd təsərrüfatı texnikası üçün qoşqu aqreqatları, elektrobuslar da istehsal oluna bilərdi”, - deyə Qolovçenko təklif edib. (İnterfaks-Azərbaycan)