2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2046 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 500 ədəd və ya 19,6% azdır.
25 avtomobil satışda – 500 MANATDAN BAŞLAYAN QİYMƏTLƏR – HƏRRAC
FED.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk doqquz ayında ölkədə 2546 minik avtomobili istehsal olunmuşdu. Beləliklə, cari ilin 9 ayında minik avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 80,4% səviyyəsində olub.
Yük avtomobillərinin istehsalı 2,4 dəfə artıb
Minik avtomobillərindən fərqli olaraq, Azərbaycanda yük avtomobillərinin istehsalında kəskin artım qeydə alınıb.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 662 ədəd yük avtomobili istehsal edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Beləliklə, yük avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 140% artıb.
Avtobus istehsalında 53,5% artım
Azərbaycanda avtobus istehsalında da artım qeydə alınıb. Cari ilin ilk doqquz ayında ölkədə 244 ədəd avtobus istehsal olunub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 53,5% çoxdur.
Traktor istehsalı azalıb
Hesabat dövründə Azərbaycanda traktor istehsalında da azalma qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 365 ədəd traktor istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır.
Anbarlarda 222 nəqliyyat vasitəsi var
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il oktyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 134 minik avtomobili, 54 yük avtomobili, 28 avtobus və 6 traktor hazır məhsul ehtiyatı kimi qeydə alınıb. Beləliklə, qeyd olunan dörd məhsul növü üzrə müəssisələrin anbarlarında ümumilikdə 222 ədəd hazır məhsul olub.













