Prezident İlham Əliyev Asif Əzizağa oğlu Ağayevin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə A.Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
FED.az saytı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının dosyesini təqdim edir:
Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini vəzifəlrində işləyib.
15 fevral 2013-cü il tarixdən bu günə kimi Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı işləyib. YAP-nın üzvüdür.
Evlidir, 2 övladı var.