Azərbaycanda kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı kimi tikinti materialları üzrə vergilər bələdiyyələrdən alınaraq dövlət vergilərinə aid edilməsi bu sahədə vahid yanaşma yaradacaq.
Eləcə də bax: Daş və qum-çınqıl karxanalarına nəzarət bir qədər də artacaq – VERGİ XİDMƏTİNİN RƏİSİ
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı yaydığı açıqlamada bildirilir.
Məlumatda həmçinin deyilir ki, dəyişikliyə əsasən, gələn ildən yerin təkindən çıxarılan faydalı qazıntı növü olan gips və gəc məhsulları mədən vergisinə cəlb edilən malların dairəsinə daxil ediləcək, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid olunacaq.
Gips və gəc məhsulları yer təkindən çıxarılan faydalı qazıntı kimi mədən vergisinə cəlb edilən faydalı qazıntıların dairəsinə daxil edilir. Gips və gəc məhsulları sement xammalının tərkibinə daxil olduğu üçün sement xammalının hər kubmetri üçün nəzərdə tutulan 1 manat mədən vergisi bu məhsullara da tətbiq ediləcək.
Eyni zamanda, yerli əhəmiyyətli tikinti materiallarının dövlət vergilərinə aid edilməsində əsas məqsəd faydalı qazıntıların bütün növləri üzrə vergilərin dövlət büdcəsinə ödənilməsi ilə vahid yanaşmanın tətbiq edilməsi, vergidən yayınma hallarının aradan qaldırılması, təbii sərvətlərdən istifadənin nəzarət edilə bilən olması, ölkə prezidentinin 16 iyul 2018-ci il tarixli fərmanı ilə yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir.
Bununla yanaşı, yerin təkindən çıxarılan faydalı qazıntılardan (19 növdə faydalı qazıntı) yalnız 4 faydalı qazıntı növünə görə mədən vergisi yerli büdcəyə, digər faydalı qazıntılara görə isə dövlət büdcəsinə ödənilir. Bələdiyyələrin yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesablanması və ödənilməsi üzrə nəzarətinin dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilməsi bu sahədə vahid yanaşma yaradacaq.