Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
"Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib"
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məcəllənin 205-ci maddəsində isə göstərilib ki, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.
“Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən, icarəyə verən torpaq vergisi tədiyəçisi olduqda torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyə verən torpaq vergisi tədiyəçisi olmadıqda icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Göründüyü kimi, torpağın icarə haqları müəyyən edilərkən icarəyə verən şəxsin torpaq vergisi ödəyicisi olması fərqləndirilir. Vergi məbləği icarə haqqı müəyyən edilərkən qiymətə təsir edən amil kimi çıxış edir. Bu səbəbdən icarəyə verən torpaq vergisi tədiyəçisi olduqda torpaq vergisi icarəyə verən tərəfindən, icarəyə verən torpaq vergisi tədiyəçisi olmadıqda isə icarəyə götürən tərəfindən ödənilməlidir.
Bu baxımdan, dövlətin və bələdiyyələrin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri fiziki və ya hüquqi şəxslərə icarəyə verilən zaman, icarəyə verən dövlət orqanı və ya bələdiyyə torpaq vergisinin tədiyəçisi olmadığı üçün icarəyə götürən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, qanunvericilikdə güzəştlər nəzərə alınmaqla bu torpaq sahələrinə görə torpaq vergisi ödəməlidir.
İcarəyə verənin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri fiziki şəxslərə və müəssisələrə aid olduğu halda isə icarəyə götürən torpaq vergisi ödəmir. Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Vergi Məcəlləsinin 208.6-cı maddəsində göstərilib ki, müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə ödənilir.(AZƏRTAC)