Bu gün Azərbaycanda vətəndaşların bir çox hissəsi bələdiyyələrə əmlak və digər vergiləri ödəməkdən imtina edir və bu vergiləri nə üçün ödəməli olduqlarını soruşurlar.
Bələdiyyələrə vergilərdən daxilolmalar - 50 FAİZ ARTIB
FED.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, əmlak və torpaq vergisi yığmaq bələdiyyələrin səlahiyyətinə aiddir.
“Digər tərəfdən, bələdiyyələr müəyyən ödənişlər də toplayırlar. Bu, qanunvericiliyə uyğundur və hüquqi mülkiyyət sənədi olan hər bir kəs əmlak vergisi verməyə borcludur. Düzdür, yaşayış binalarında yaşayan vətəndaşların bir çoxu buna lazımi qaydada riayət etmir. Ancaq bu, bələdiyyələrə verilmiş hüquqdur və bələdiyyələr bu vergiləri toplamalıdırlar. Bunun üçün qanunvericilikdə müəyyən olunan vəsaitin məbləği də göstərilib və sözsüz ki, vətəndaşlar buna əməl etməlidirlər. Çünki bələdiyyə torpağı üzərində tikilən hər bir obyekt, hər bir yaşayış binası bələdiyyəyə əmlak vergisi verməlidir”, - deyə T.Rzayev bildirib.
Komitə sədri əlavə edib ki, bələdiyyələr bir çox xidmətlər həyata keçirirlər. “Son dövrlərdə bu xidmət sahələri genişlənib. Bələdiyyələrin işində xeyli dərəcədə canlanma var. Bu gün bələdiyyələr yaşıllıqların salınmasında və qorunmasında, yaşayış binalarının həyətlərində təmizlik işlərində yaxından iştirak edirlər. Ona görə də vətəndaşlar arasında maarifləndirmə işləri aparılmalıdır və qanunvericiliyin tələbləri insanlara çatdırılmalıdır. İnsanlarda bələdiyyələr haqqında hələ də əhatəli məlumat yoxdur. Ona görə də maarifləndirmə işləri genişləndirilməlidir”, - deyə o əlavə edib. (Trend)