Rusiyanın turizm şirkətləri qarşıdan gələn yaz tətilində (Rusiyada 1-5 may tarixlərində qeyd olunur - red.) biznes-klasla uçan rusiyalı turistlər arasında ən populyar istiqamətlərin beşliyini açıqlayıb.
FED.az xəbər verir ki, “Moskovskiy Komsomolets”in yazdığına görə, beşliyə İndoneziyanın Bali adası, Almaniyanın Köln və Münhen şəhərləri, Maldiv adaları və Azərbaycanın paytaxtı Bakı daxildir.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına verdiyi müsahibədə rusiyalıları Azərbaycana səyahət etməyə çağırmışdı:
“Təhlükəsizlik, rahatlıq və Azərbaycan xalqının yüksək qonaqpərvərlik səviyyəsi, tarixi abidələr, iqlim. Turistlərin nə üçün Azərbaycana gəlməli olduğu ilə bağlı çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcək. Mən böyük məmnuniyyətlə onları bizim ölkəyə səfər etməyə dəvət edirəm. Biz onlara hər zaman şadıq”.
Prezidentin sözlərinə görə, 2018-ci ildə 800 mindən çox rusiyalı Azərbaycana səfər edib. İlham Əliyev hələ həmin vaxt rusiyalıların Azərbaycanda özlərini “evdəki kimi hiss etdiklərini” dilə gətirmişdi.
Eləcə də bax: Əcnəbilərin Azərbaycanda qalması neçəyə başa gəlir? - DÖVLƏT RÜSUMLARI
“Burada dil maneəsi yoxdur, onlara yaxşı münasibət var, bizim ortaq tariximiz də mühüm rol oynayır”, - deyə Azərbaycan lideri bildirmişdi.
2019-cu ilin mart ayında “RİA Novosti” agentliyi də öz oxucularına Azərbaycana səhayət etməyi tövsiyə etmişdi.
“Azərbaycanın paytaxtı – eyni vaxtda həm Xəzərin ən böyük liman şəhəri, həm də Qafqazın ən böyük şəhəridir”, - deyə məqalədə qeyd olunurdu.
Materialda Azərbaycan paytaxtının gəzməli-görməli yerlərindən də söz açılır:
“Burada şəhərin qədim məhəlləsi olan İçərişəhər mürəkkəb formalı binalar və Alov qüllələri ilə gözəl ahəng təşkil edir. Yeri gəlmişkən, Bakıda (İstanbulda olduğu kimi) Qız qalası və əlbəttə ki, saraylar, məscidlər, teatrlar, parklar, sahilyanı bağlar və muzeylər var. Aralarında olduqca unikalları da var, məsələn Azərbaycan xalça muzeyi”.
Xatırladaq ki, Azərbaycanda son illər keçirilən irimiqyaslı mədəniyyət və idman tədbirləri də (“Eurovision”, Avropa Oyunları, “Formula 1” və s.) Azərbaycanın xarici turistlər arasında populyarlığının artımında mühüm rol oynayıb.