“Şahdağ” Turizm Mərkəzində dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən yeni kanat yolu gələn həftədən istifadəyə veriləcək.
Bunu “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler jurnalistlərə müsahibəsində deyib.
Mərkəzə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlərin suallarını cavablandıran Rodderix Mark Leffler bildirib ki, burada xidmət səviyyəsi daha da yüksəldiləcək, turistlərin daşınması üçün tezliklə nəqliyyat vasitələri ayrılacaq, kino klub, gecə klubu xidmətləri istifadəyə veriləcək.
Eləcə də bax: Sədr: “Şahdağ" Turizm Mərkəzinə turist axını güclənəcək”
Onun sözlərinə görə, “Şahdağ" Turizm Mərkəzində öncədən yer bron edənlərin sayında nəzərəçarpacaq artım var: “Qonaqların böyük hissəsi Azərbaycandandır. Bununla yanaşı, ərəb ölkələrindən və Rusiyadan da gələnlər var. Bu həftənin sonundan başlayaraq qonaqlarımızın sayının artacağını, yerli və xarici qonaqların sayında balans yaranacağını gözləyirik. Qış hələ yeni başlayıb və biz bayram ərəfəsindəyik”.