Yeni il bayramı ilə bağlı regionlarda yerləşən hotellərdə və əyləncə mərkəzlərində qiymətlər 40 faizə qədər bahalaşıb.
Eləcə də bax: Rayonlarda otellərin “Yeni il” qiymətləri – 3 GECƏYƏ 8 000 MANAT
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
Ekspert qeyd edib ki, Yeni ili qarşılamaq üçün əksər insanlar regionlara üz tuturlar, bu da hotellərin dolmasına səbəb olur
“Bilirsiniz ki, bu il də pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Məsələn, qonaq sayı 150-dən artıq olmamalıdır, ara məsafələri saxlanmalıdır. Ona görə də yeni il şənlikləri kimi kütləvi tədbirlər keçirə bilən məkanların da sayı o qədər çox deyil. Bu baxımdan tələbat artdığı üçün Yeni il bayramı günlərində hotellərdə bir qədər yüksək qiymətlər görə bilərik.
Hazırda rayonlardakı hotellərdə gecələmə və yeni il şənliyinə qatılma üçün iki nəfərlik paketin qiyməti 800, 1500, 1700 və hətta 2000 manata qədər dəyişir. Paketə daxil olan xidmətlərə, şou proqramlara görə qiymətlər də fərqlidir. Ancaq yeni il şənliklərindən sonra qiymətlər stabilləşəcək”, - deyə ekspert bildirib.