Azərbaycanda yeni yaradılmış Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sektorunu mərkəzləşdirilmiş əməkdaşlığa dəvət edib. Agentlikdən FED.az-a verilən məlumata görə, Turizm və Menecment Universitetində məzunlar qarşısında çıxış edən
Fuad Nağıyev bildirib ki, qurum öz fəaliyyətini yaxın illərdə aşağıda göstərilən prioritet sahələr üzrə inkişaf etdirəcək:
- yeni turizm siyasəti formalaşdırılacacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq;
- daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək;
- turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək;
- infrastruktur layihələriylə bağlı yeni inkişaf planları hazırlanıb icra olunacaq;
- dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək;
- turist məmnunluğunu artırmaq, turistlərin qalma müddətini uzatmaq və mövsümüliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq;
- Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərini yaradılması nəzərdə tutulur.
Agentliyin rəhbəri Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarını mərkəzləşdirilmiş qaydada fəaliyyətə və əməkdaşlığa dəvət edib.