“Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək”.
Dövlət Turizm Agentliyindən FED.az-a verilən məlumata görə, Agentlik sədri Fuad Nağıyev fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında bildirib. Fuad Nağıyev normal şərtlər altında Bakıda baş tutmalı olan işçi qrupu görüşünün pandemiya səbəbindən videokonfrans formatında keçirildiyini qeyd edib.
2019-cu il ərzində Azərbaycandan Türkiyəyə 1 milyona yaxın, Türkiyədən Azərbaycana 200 mindən çox turistin gəldiyini qeyd edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan turizm sahəsində əməkdaşlığın, o cümlədən təyyarə uçuşlarının sayının artırılmasını, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasını, birgə layihələrin keçirilməsini vacib sayıb.
O, Türkiyənin Azərbaycandakı Səfirliyində Mədəniyyət və Turizm Müşavirliyinin fəaliyyət göstərdiyini bildirib.
“Azərbaycan haqqında türkiyəli turistlər arasında məlumatlılığın artırılması üçün Azərbaycanın da Türkiyədə tanıtım nümayəndəliyinin açılması çox önəmlidir” - deyə nazir müavini qeyd edib.
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov qeyd edib ki: “Bu gün yeni investisiyaların və birgə layihələrin icrası ilə bağlı işlər müzakirə olunur. Gələcəkdə Qarabağda həyata keçirilə biləcək layihələrdə Türkiyə təcrübəsindən, eyni zamanda onların illərlə formalaşmış invesitiya imkanlarından yararlanmaq barəsində müzakirə gedir”.
Videokonfrans formatında baş tutan iclasının gündəliyinə pandemiya dövründə turizm sahəsinin inkişafı istiqamətində Azərbaycan və Türkiyə tərəfindən görülən işlər, turizm sahəsində qarşılıqlı investisiya və birgə layihələrin rolu, təhsil və təlim məsələləri üzrə təcrübə mübadiləsi, turizm və rəqəmsallaşma kimi mövzular daxil edilib.
İclas çərçivəsində 2021-ci ildə Türkiyədə Azərbaycanın turizm nümayəndəliyinin açılması və müvafiq dəstək tədbirlərinin görülməsi imkanları müzakirə edilib.