Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,03 faiz artaraq 47,3 milyon nəfərə çatıb.
Azərbaycandan turist axını 18%-ə yaxın artıb
FED.az xəbər verir ki, bu dövrdə xaricdə yaşayan türklər də daxil olmaqla, ümumilikdə 54,6 milyon ziyarətçi Türkiyəni seçib. Oktyabr ayında isə ölkəyə 5,45 milyon xarici turist gəlib ki, bu da illik 9,25 faiz artım deməkdir.
Ən çox turist Rusiyadan gəlmişdir. Bu siyahıda Almaniya və Böyük Britaniya da üst sıralarda yer alıb. Yanvar-oktyabr dövründə Türkiyədə istirahət edən rus turistlərin sayı 6,25 milyona çatıb. Almaniyadan gələn turistlər isə 6 milyon nəfəri keçib, britaniyalı turistlərin sayı isə illik 17 faiz artaraq 4,2 milyona yüksəlib.
İstanbul 15,8 milyon turistlə xarici ziyarətçilərin ən çox üz tutduğu şəhər olub. Antalya 15,2 milyon turist qəbul edib, Edirne isə əsasən Bolqarıstandan gələn ziyarətçilərlə 4 milyondan çox xarici turisti ağırlayıb.
Turizm gəlirləri ilin ilk doqquz ayında 6,6 faiz artaraq 46,9 milyard dollara yüksəlib. Nazir Mehmet Nuri Ersoy ilin sonunda 61 milyon ziyarətçi və 60 milyard dollar gəlir hədəfləndiyini bildirib.