"2026-cı il Türk Dünyası Turizm Paytaxtı" elan edilən Ankarada 15–17 aprel tarixlərində 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikaları Konqresi (ITTD26) işinə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Türk Dövlətlərində Turizmin Gələcəyini Yenidən Qurmaq: Yerli Köklərdən Qlobal Davamlılığa, Sağlamlıq və İntellektual Transformasiyaya Doğru” mövzusuna həsr olunan konqresdə türk dövlətləri arasında turizm əməkdaşlığının strateji yol xəritəsini mühzakirə edilir.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəaliyyət göstərən qurumların dəstəyi ilə baş tutan konqresin açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, AK Parti sədr müavini və Türk Dövlətləri ilə əlaqələr üzrə məsul şəxs Kürşad Zorlu, Ankara Valisi, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edərək türk dünyasının vahid turizm ekosisteminin yaradılmasının vacibliyini vurğulayıb.
Konqresin panel müzakirələrində Azərbaycanın turizm potensialı həm akademik, həm də praktiki müstəvidə geniş işıqlandırıldı. Qarabağ Universitetinin rektoru Şahin Bayramov işğaldan azad edilmiş ərazilərin turizm perspektivləri və kadr hazırlığı barədə çıxış edib.
Tədbirdə ölkəmizin biznes sektorunu təmsil edən "Skal Baku" Turizm Peşəkarları Təşkilatının sədri və "Smart Hoteller" qrupunun rəhbəri Ceyhun Aşurov maraqlı təqdimatla çıxış edib. Turizm sənayesində zəngin təcrübəyə malik olan C. Aşurov müasir otelçilik menecmenti, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və rəqəmsal texnologiyaların qonaqpərvərlik sektoruna inteqrasiyası istiqamətindəki fikirlərini bölüşüb. Onun turizm biznesinin optimallaşdırılması və "ağıllı otel" həlləri ilə bağlı təklifləri konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bundan əlavə, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Araz Aslanlı və Arzu Hüseyn panel müzakirələrində və akademik təqdimatlarda iştirak edərək, regional brendinq və turizm təhsili sahəsində səmərəli görüşlər keçirib.
Konqresin əsas müzakirə sütunlarını davamlı turizm, sağlamlıq və "wellness" turizmi, həmçinin turizm idarəçiliyində innovativ yanaşmalar təşkil edib. ITTD26-də aparılan müzakirələr göstərib ki, türk dövlətləri arasında turizm inteqrasiyası üçün geniş imkanlar var. Buraya ortaq turizm marşrutlarının yaradılması və təşviqi; sağlamlıq və termal turizm üzrə əməkdaşlığın genişləndirilməsi; “ağıllı turizm” (Smart Tourism) yanaşmalarının tətbiqi və sair aiddir.
Tədbir, türk dünyasının qlobal turizm bazarında rəqabət qabiliyyətini gücləndirmək və ortaq mədəni irsi turizm vasitəsilə dünyaya tanıtmaq baxımından növbəti uğurlu addım kimi qiymətləndirilir.






















