Azərbaycanda bir neçə sektorda tətbiq edilən kredit faizi subsidiyası qaydası turizmə də çatıb.
Yaxın vaxtlardan etibarən tətbiq olunacaq yeni qaydaya əsasən, Azərbaycanda turizm layihələrinə yatırım edənlərin kredit faizlərinin bir hissəsini dövlət ödəyəcək.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Proqramda ən maraqlı yeniliklərdən biri turizm investisiyalarının maliyyələşdirilməsi ilə bağlıdır.
2026–2030-cu illərdə turizm və rekreasiya zonalarında müəyyən investisiya layihələrinin manatla götürdükləri kreditlər üzrə faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur.
Dəstək dairəsinə hotellər və digər yerləşmə vasitələri ilə yanaşı, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri də daxil edilir.
Tədbirlər Planından məlum olur ki, faiz subsidiyalarının verilməsi dövlət büdcəsindən Azərbaycan Biznesinin İnkişafı Fonduna ayrılan vəsait çərçivəsində həmin Fond vasitəsilə həyata keçiriləcək.
Məsələn, sahibkar turizm və rekreasiya zonasında yeni hotel layihəsi üçün bankdan manatla kredit götürürsə, gələcək mexanizmin şərtlərinə uyğun olduğu halda kredit faizinin müəyyən hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması mümkün olacaq.
Hələlik subsidiya faizinin neçə faiz olacağı göstərilmir, amma bununla bağlı Azərbaycan Biznesin İnkişafı Fondunda oxşam mexanizmi var və böyük ehtimalla, kreit faizləri ilə bağlı kənd təsərrüfatına tətbiq edilən şərtlər turizm sektoruna da şamil ediləcək.













