Koronavirus pandemiyasından zərər çəkən sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi Milli Məclisdə bununla bağlı qanun layihəsinin təsdiqlənməsindən sonra mümkün olacaq.
Eləcə də bax: "Yay səyahəti üçün alınmış tur paketləri qaytarmağa tələsməyin"
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov deyib.
K.Qasımov hesab edir ki, qanun layihəsi sahibkarlara vergi güzəştləri, azadolmalar, vergi tətillərinin verilməsi ilə bağlı işləri özündə əks etdirir:
“Turizm sahəsinə dövlət dəstəyi proqramının 4 ana xətti var ki, bunlar əməkhaqlarının ödənilməsi, əlavə maliyyə yardımının göstərilməsi, müəyyən vergi güzəştlərinin tətbiqi və kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Turizm sənayesinin subyektləri mövcud vəziyyətlərini qoruyub saxlamaq, işçi ixtisarına getməmək üçün qarşıdakı bir necə ay ərzində bu xidmətlərdən istifadə edə biləcəklər. Proses daha qısa zaman ərzində yekunlaşarsa, koronavirus pandemiyasından daha az zərərlə çıxmış olacağıq və bu halda sənayeni də dəstəkləmək daha asan olacaq”.
Hazırda DTA-nın gələcək alternativ paketlər üzərində də çalışdığını deyən K.Qasımov qeyd edib ki, indi turizm sənayesi subyektlərinin fəaliyyətinin dayandırılmaması üçün səy göstərilir:
“Daha sonrakı prosesdə - postkoronavirus dövründə turizm sənayesinin necə inkişaf edə biləcəyi, əlavə stimullaşdırıcı tədbirlərlə turizm sənayesinin idarəedilə bilməsi üçün də işlər aparılır”.
Trend