Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ili “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirə keçirilib.
Eləcə də bax: “Turizm indi sıfır səviyyəsindədir” - İlham Əliyev
Bu barədə FED.az-a ATAA-ya istinadən xəbər verir.
Müzakirələrdə karantin dövründən sonra hotellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, hotellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev öz çıxışında karantin dövründən sonra daxili turizmin inkişaf etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu bildirib. O pandemiyadan sonra daxili turizmə marağı artırmaq üçün turizm şirkətlərini və hotelləri yeni təkliflər üzərində işləməyə çağırıb.
Müzakirələrdə çıxış edən hotel şəbəkələrinin rəhbər şəxsləri pandemiyadan sonra vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartların, xüsusi yanaşmaların tətbiq ediləcəyini diqqətə çatdırıblar.
Belə ki, artıq vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Eyni zamanda hotel nömrələrindən istifadə edən müştəri, hoteldən çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək.
Daha bir yenilik isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır.
Artıq bunun üçün hotellər tərəfindən karantin dövründə işçi personalına xüsusi təlimlər də keçirilib.
Yay mövsümündə vətəndaşlara hotellər tərəfindən müxtəlif endirimli paketlərin və kampaniyaların da təklif olunacağı bildirilib .
Müzakirələrdə həmçinin Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun hazırladığı SAHMAN proqramı haqqında da spikerlərə geniş məlumat verilib. Dövlət Turizm Agentliyinin turizm sənayesi və layihələrlə iş sektorunun müdiri Günay Bayramova bununla bağlı artıq onlayn təlimlərin keçirildiyini və bu proqramın yerləşdirmə, xidmət və nəqliyyat vasitələrində tətbiq olunmasının vacib amil olduğunu bildirib. Eyni zamanda qurum rəsmisi hotellərdə COVID-19 virusunun yayılmaması üçün hər bir hoteldə xüsusi izolyasiya otağının olmasını təklif edib.
Hotel rəsmiləri təmsil etdikləri yerləşdirmə mərkəzlərinin yay mövsümündə fəaliyyətlərinin və xidmət göstərmələrini qərargahın verdiyi tapşırıq və tövsiyələrə əsasən tənzimlənəcəyini bildirib.