“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilib.
FED.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurumlar (Donor) qrant müsabiqələrinin keçirilməsi zamanı öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qururlar. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
Hər bir müsabiqənin keçirilməsi müddəti (başlanması və bitməsi vaxtı), əhatə etdiyi mövzular, müsabiqə şərtləri və layihələrin qiymətləndirilməsi qaydası müsabiqəni keçirən Donor tərəfindən təsdiq edilir.
Müsabiqənin keçirilməsi barədə elan layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən ən azı 30 (otuz) gün əvvəl Donorun rəsmi internet saytında və sosial media platformalarında yerləşdirilir, həmçinin bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir. Müsabiqə elanının məzmununda bu Qaydadanəzərdə tutulan məlumatlar qeyd olunmalıdır.
Qayda ilə qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər müəyyənləşib.
Bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər (bundan sonra – müsabiqə iştirakçısı) müsabiqədə iştirak etmək hüququna malikdirlər.
Müsabiqə iştirakçısının hər müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququ vardır.
Müsabiqə iştirakçısının təqvim ili ərzində keçirilən müsabiqələr çərçivəsində təqdim etdiyi yalnız bir layihənin Donor tərəfindən maliyyələşdirilməsinə yol verilir.
Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 8 (səkkiz) aydan çox olmamalıdır.
Bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100 000 (yüz min) manatdan artıq olmamalıdır.
Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Donor tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Layihələrin qrant maliyyələşdirilməsi hər il dövlət büdcə- sində Donorun mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait həcmində həyata keçirilir.
Müsabiqə iştirakçıları (yaxud onların etibarnamə ilə etibar etdikləri şəxs) müsabiqənin keçirilməsi müddəti ərzində müsabiqə şərtlərində nəzərdə tutulan qaydada, forması Donor tərəfindən müəyyən edilən ərizə əsasında aşağıda qeyd edilən sənədlərlə Donora müraciət edirlər:
-müsabiqəyə təqdim olunan layihə;
-layihənin icrasına cəlb ediləcək şəxslərin tərcümeyi-halı və işinin təsviri;
-ərizəçi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;
-ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxsin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin surəti;
-layihəyə tərəfdaş (tərəfdaşlar) cəlb edildiyi təqdirdə, tərəfdaşla (tərəfdaşlarla) birgə fəaliyyətə dair imzalanmış müqavilə.
Müsabiqəyə təqdim olunan layihə təklifi Donor tərəfindən müəyyən edilən formaya uyğun tərtib edilməlidir.
Layihə təklifinə aşağıdakı sənədlər əlavə edilir:
-layihənin icra planı (Donor tərəfindən müəyyən edilmiş formaya uyğun hazırlanmalıdır);
-layihənin xərclər smetası (Donor tərəfindən müəyyən edilmiş formaya uyğun hazırlanmalıdır);
-elan edilmiş müsabiqənin mövzusuna uyğun olaraq müsabiqə elanı üzrə Donor tərəfindən layihənin icrası ilə bağlı tələb edilən digər sənədlər (arayışlar, sertifikatlar və s.).
Ekspertiza mərhələsinə yalnız bu Qaydada nəzərə tutulan sənədlərlə birlikdə təqdim olunmuş layihələr buraxılırlar.
Müsabiqəyə təqdim olunan sənədlər geri qaytarılmır.
Donor müsabiqə barədə elanın müddəti bitənədək, layihələrin tərtibatı və tələb olunan sənədlərlə bağlı müraciət edənlərin suallarının cavablandırılması və müvafiq məsləhətlərin verilməsi üzrə işləri təşkil edir.
Müsabiqəyə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respubli- kasının qanunları və digər normativ hüquqi aktları, habelə bu Qayda ilə ziddiyyət təşkil etməməlidir.
Müsabiqəyə təqdim edilmiş layihələrin qiymətləndirilməsi üçün Donor tərəfindən müvafiq Qiymətləndirmə Komissiyası (komissiyaları) yaradılır. Qiymətləndirmə Komissiyasının üzvləri turizm sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərdən və Donorun əməkdaşları sırasından Donor tərəfindən təyin edilir. Qiymətləndirmə Komissiyasının üzvləri haqqında məlumatlar müsabiqə iştirakçılarına açıqlanmır.
Qiymətləndirmə Komissiyası (komissiyaları) 3 (üç) nəfərdən az, 9 (doqquz) nəfərdən çox olmayan tərkibdə formalaşdırılır və ictimai əsaslarla fəaliyyət göstərir. Hər bir layihənin qiymətləndirilməsi Komissiyanın təsadüfi seçilmiş 3 (üç) üzvü (ən azı biri müstəqil ekspert olmaqla) tərəfindən həyata keçirilir.
Qiymətləndirmə Komissiyasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Qiymətləndirmə Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Qiymətləndirmə Komissiyasının sədri həlledici səsə malikdir.
Müsabiqəyə təqdim olunan bütün layihələrin yoxlanılması iki mərhələdə həyata keçirilir:
- layihələrin ekspertizası;
- layihələrin qiymətləndirilməsi.
Təqdim edilmiş layihələrin müsabiqə şərtlərinə uyğunlu- ğunun və texniki baxımdan tamlığının yoxlanılması məqsədilə Donor tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən etibarən 1 (bir) ay müddətində layihələrin ekspertizası həyata keçirilir və ekspertiza zamanı aşağıdakı məsələlər həll olunur:
-müsabiqəyə təqdim edilmiş layihələrin və əlavə olunmuş sənədlərin bu Qaydaya və müsabiqə üzrə müəyyən olunan mövzulara uyğunluğu müəyyən edilir;
- təkrar və ya oxşar təqdim olunmuş layihələr müəyyən edilir;
- layihəni təqdim etmiş şəxsin Donorun maliyyə dəstəyi ilə əvvəl icra etdiyi layihələrin hesabatlılıq vəziyyəti araşdırılır.
Ekspertizası aparılmış hər bir layihəyə dair arayış hazırlanır. Bu Qaydada qeyd olunan tələblərə uyğun gəlməyən layihələr istisna olmaqla, digər layihələr qiymətləndirilməsi məqsədilə anonimləşdirilməklə (layihə müəllifinin şəxsiyyətinin müəyyənləşdirilməsinə imkan verən məlumatların layihə sənədlərindən çıxarılması yolu ilə) müvafiq Qiymətləndirmə Komissiyasına təqdim edilir.
Layihələr Qiymətləndirmə Komissiyasına təqdim edildiyi tarixdən 15 (on beş) iş günü müddətində Donor tərəfindən təsdiq edilən qiymətləndirmə qaydasına uyğun olaraq qiymətləndirilir.
Qiymətləndirməni keçən layihələr barədə Komissiyanın rəyi Donora təqdim edilir.
Ekspertizanın nəticələrinə dair arayış və Qiymətləndirmə Komissiyasının rəyi əsasında Donor layihələrin maliyyələşdirilməsi barədə 5 (beş) iş günü müddətində qərar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir.
Qrant verilməsi barədə qərarda resipiyent haqqında məlumatlar, qrant layihəsinin adı, layihənin məbləği, icra müddəti və müsabiqənin adı qeyd olunur. Qrant verilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir.
Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Donor tərəfindən 3 (üç) nəfər üzvdən ibarət tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının iclasları onun üzvlərinin hamısı iştirak etdikdə baş tutmuş hesab olunur. Apellyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.
Müsabiqə iştirakçıları nəticələr dərc edildiyi tarixdən 10 (on) gün müddətində müsabiqənin nəticəsindən Apellyasiya Komissiyasına şikayət verə bilərlər. Apellyasiya Komissiyası 15 (on beş) gün müddətində şikayətə baxıb qərar qəbul edir.
Donorun qrant layihəsinin maliyyələşdirilməsi və ya maliyyələşdirilməməsi barədə qəbul etdiyi qərardan məhkəmə qaydasında şikayət verilə bilər.
Qrant verilməsi barədə qərar qəbul edilmiş layihələrlə bağlı Donorla resipiyent arasında müsabiqəyə təqdim olunmuş layihənin maliyyələşdirilməsi haqqında qrant müqaviləsi bağlanılır. Qrant müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələbləri nəzərə alınmaqla Donor tərəfindən hazırlanır, tərəflərə və qeydiyyat orqanına təqdim olunması üçün eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır.
Müqavilədə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri, müsabiqənin adı, layihənin məqsədi, qısa məzmunu, həll olunması nəzərdə tutulan məsələlər, icra mərhələləri və müddəti, gözlənilən nəticələr və tətbiq imkanları, layihənin maliyyələşdirilməsi həcmi və qaydası, hesabatların təqdim edilməsi müddəti və layihənin icrasına dair monitorinq qaydaları öz əksini tapır.
Müsabiqənin nəticələri elan edildikdən sonra Donor tərəfindən qrant müqaviləsinin imzalanması tarixi müəyyən edilərək, bu barədə qalib iştirakçılara yazılı məlumat göndərilir. Donorun müəyyən etdiyi müddətdə qrant müqaviləsini üzrlü səbəb olmadan imzalamamış müsabiqə iştirakçıları qrantdan imtina etmiş hesab olunurlar.
Layihənin icra müddətindən və icra planından asılı olaraq, maliyyələşdirilmə birdəfəlik və ya mərhələlər üzrə həyata keçirilir.
Layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılmasına yol verilmir.
Donor maliyyələşdirdiyi layihələrin icrasına və verdiyi qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.
Bu Qaydada nəzərdə tutulan nəzarətin həyata keçirilməsi məqsədilə Donor maliyyələşdirdiyi layihələr üzrə hesabatlar (aralıq və yekun) tələb etmək, layihənin icrası ilə bağlı monitorinqlər keçirmək, qiymətləndirmə aparmaq hüququna malikdir.
Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında Donora əvvəlcədən məlumat verilir.
Donor qrant şəklində ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini aşkar etdiyi hallarda, maliyyələşdirməni dayandırır və ayrılmış vəsaitin qaytarılması ilə bağlı tədbirlər görür.
Resipiyentlər layihələrin icrasının yekunu ilə bağlı tələb edilən maliyyə və təsviri hesabatları müsabiqə şərtləri ilə müəyyən edilmiş forma və qaydada layihələrin icrası başa çatdıqdan sonra 20 (iyirmi) iş günündən gec olmayaraq təsdiqləyici sənədlərlə birlikdə Donora təqdim edirlər.
Donor hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün resipiyentdən əlavə məlumat və (və ya) sənədlər tələb etmək hüququna malikdir.
Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Donorun hesabına qaytarılır.