Yay mövsümündə səyahətlərin intensivləşməsi ilə əlaqədar vətəndaşların xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərinin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması risklərinin artmasını nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq vətəndaşlara diqqətli olmalarını tövsiyə edib.
Qeyri-sabit hava daxili turizmə necə təsir edib? - AÇIQLAMA
Assosiasiyadan FED.az-a verilən xəbərə görə, əsas problemlər sırasında - şirkətlərin müştəriləri qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməməsi, müəyyən ödəniş əsasında təklif etdikləri xidmətlərin lazımi səviyyədə olmaması və müştərilərin aldadılması kimi məsələlərə daha çox rast gəlinməsi öncədən ehtiyat tədbirlərinin görülməsini önə çıxarır:
"Əvvəlki illərə nəzər yetirdikdə təəssüf ki, baş vermiş bu cür hallar nəticəsində vətəndaşların istirahətlərinin ya baş tutmaması, ya da gözləntilərinin qarşılanmaması, bəzi hallarda isə məsələnin hüquq-mühafizə orqanlarına və məhkəmələrə qədər çıxması müşahidə olunub.
Bu cür halların baş verməməsi üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq xarici ölkələrə istər fərdi, istərsə də ailə və ya qrup şəklində səyahət etməyi nəzərdə tutan vətəndaşları turizm şirkətlərinin xidmətlərindən yararlanarkən daha diqqətli olmağa və ehtiyatlı davranmağa çağırırıq.
Bununla yanaşı, vətəndaşlara turpaketlər alarkən və ya turizm şirkətinin xidmətlərindən yaralanarkən turizm bazarında keyfiyyət standartlarına cavab verən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında qeydiyyatda olan və ən əsası Turizm Reyestrindən keçmiş turagentlərə üz tutmağı tövsiyə edirik.
Eyni zamanda vətəndaşlara turizm şirkətlərinin xidmətlərindən istifadə edərkən mütləq şəkildə müqavilə əsasında əməkdaşlıq etməyi tövsiyə edirik. Tərəflər arasında imzalanan müqavilə yaşanan hər hansı bir problemin hüquq müstəvisində həlli üçün əsas vasitədir.
Qeyd etmək istərdik ki, hazırda Turizm Reyestrindən keçən Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın 120 üzvü mövcuddur.
Vətəndaşlar qeyd olunmuş meyarlara cavab verən turizm şirkətlərinin xidmətlərindən istifadə etməklə yay mövsümündə daha çox müşahidə olunan vətəndaşla turizm şirkəti arasında yaşanan problemlərdən, narazılıqlardan və aldadılmalardan sığortalanmış ola bilərlər.
Sonda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizm bazarında fəaliyyət göstərən şirkətləri bir daha Turizm Reyestrindən keçməyə çağırırıq".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv şirkətlərin siyahısı ilə əlavədə qeyd olunan linkə daxil olaraq tanış olmaq mümkündür: https://ataa.az/service/inkishaf-ve-keyfiyyet