Prezident İlham Əliyev “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.
Şuşadakı mərkəzin tikintisinə - PROQNOZDAN ARTIQ XƏRCLƏNİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və Azərbaycan İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Azərbaycan Nazirlər Kabinetinin təklifi qəbul edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etsin.
Bundan başqa hökumətə tapşırılıb ki, Sərəncamda nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etsin, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İqtisadiyyat Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə edilib.











