2020-ci il yanvarın 1-dən etibarən Şengen ölkələrinə viza verilməsi qaydaları dəyişir.
FED.az xəbər verir ki, bu barədə qərarı Avropa Parlamenti hələ 2019-cu ilin iyunun 20-də təsdiqləyib və artıq 6 aydan sonra, yəni indi bu qaydalara qüvvəyə minib. Avropanın Viza Məcəlləsinə edilən dəyişikliklərə görə, Avropa İttifaqı üzvü olan bütün ölkələr Şengen vizaların eyni qaydalarla verməlidirlər. Hərçənd, son sözü yenə də səfirliklərin konsulluq şöbələri deyəcək.
Şengen vizası ilə bağlı əsas dəyişikliklər bunlardır:
1. Vizanın dizaynı
Müsbət cavab olduğu təqdirdə pasportlara vurulan Şengen vizasının dizaynı dəyişib. Artıq yeni vizalar bu formada verilir.
2. Xarici vətəndaşlar üçün viza ödənişləri
Viza üçün müraciət zamanı konsul haqqı artacaq. İndiyədək 60 avro olan ödənişlər 80 avroya, 35 avro olan ödənişlər isə 40 avroya qalxacaq.
3. Müraciətə baxılma vaxtı
İndiyədək viza müraciətlərinə baxılması müddəti 30 gün idi, amma yeni qaydalara görə, ehtiyac olarsa bu müddət 45 təqvim günü qədər artırıla bilər.
4. Səfirliyə müraciəti 6 ay əvvəl etmək olar
İndiyədək olan qaydalara görə, Şengen vizası almaq üçün səfərdən 3 ay əvvəl müraciət etmək imkanı vardısa, indi bu müddət 6 aya qaldırılıb. Yəni səyahətə gedənlər daha tez müraciət edib planlarını əvvəlcədən qura biləcəklər. Ən gec müraciət etməklə bağlı - səfərə 15 gün qalmış - müddət isə dəyişməyib.
5. Müsbət «viza tarixçəsi»
Yeni qaydaların ən mühüm cəhəti pasport sahiblərinin müsbət "viza tarixçəsi"nin nəzərə alınmasıdır. Başqa sözlə, fevral ayından etibarən müsbət viza tarixçəsi Şengen zonasının bütün ölkələrində nəzərə alınacaq. Daha dəqiqi, Avropanın bir ölkəsi pasport sahibinin digər ölkədəki intizamlı davranışını nəzərə alacaq. Müsbət təcrübə nəticəsində viza müddəti artacaq, məsələn 2 illik dövrdə pozuntu baş verməsə, viza 5 illik müddətə veriləcək.
Buna razılaşdırılmış yanaşma deyilir. «Razılaşdırılmış yanaşma» yalnız o halda işləyəcək ki, pasport sahibinin müsbət viza tarixçəsi var və o şəxs, konsulluqda Avropada qalmaq istəyi ilə bağlı şübhə yaratmır.
6. Şengen vizaları 1 illik, 2 illik və 5 illik veriləcək
Ən maraqlı yeniliklər bu sahədə baş verib. Qaydalara görə, bundan sonra bütün Şengen ölkələri vizaları eyni qayda ilə verməli olacaqlar. Vizalar 1 illik, 2 illik və 5 illik veriləcək.
1 illik vizanı necə almaq olar: son iki il ərzində alınan Şengen vizalarından düzgün istifadə etmək lazımdır (yəni qaydaları pozmamaq).
2 illik vizanı necə almaq olar: bunun üçün son iki il ərzində alınmış birillik vizanı düzgün istifadə etmək lazımdır.
5 illik vizanı necə almaq olar: bunun üçün son 3 il ərzində alınmış ikiillik vizanı düzgün istifadə etmək lazımdır.
7. Məcburi 15 günlük «vaxt dəhlizi»
Əgər konsulluq vizanı 1 illik, 2 illik və 5 illik deyil, yalnız səfər müddəti üçün vermək istəyirsə, hökmət 15 günlük vaxt dəhlizi verməli olacaq. Məsələn səfər müddəti 10-12-2019-dan 20-12-2019-ya qədərdirsə (yəni 11 günlük), aizanı 09-12-2019-dan 04-01-2020-adək verməlidirlər. Bu vəziyyətdə 15 günlük dəhlizin verilməsi o demək deyil ki, pasport sahibi xaricdə 26 gün qala biləcək. Yenə də, onun səfər müddəti viza müddəti arasında 11 gündən artıq olmayacaq.
8. Yeni anket blankları
Yeni qaydalarla birlikdə yeni viza anketləri də tətbiq ediləcək. Bu anketlərdə əlavə xanaları doldurmaq lazım olacaq. Həmin xanalarda səfərin məqsədi və baş çəkiləcək bütün ölkələrin adları göstərilməlidir.
Xatırladaq ki, Şengen vizası Avropanın 26 ölkəsinə getməyə imkan verir. 2019-cu ilən etibarən Şengen ölkələri Avropaya ilk gələnlərin qaydalara əməl etməsinə nəzarəti gücləndiriblər. Gələcəkdə isə Avropa ölkələri bu məkana daxil olmayan ölkələrin vətəndaşlarına viza verilməsi qaydalarını sərtləşdirməkdə davam edəcəklər.