Avropa İttifaqı ölkələrində yeni giriş-çıxış sisteminin tətbiqinə başlanılıb.
FED.az xəbər verir ki, 12 oktyabr tarixindən etibarən Avropa İttifaqına üzv dövlətlər İttifaqın xarici sərhədlərində yeni rəqəmsal giriş-çıxış sistemini (EES) tətbiq etməyə başlayıblar. Həmin gündən başlayaraq Avropa ölkələrinə qısamüddətli səfərlər (180 günlük müddət ərzində 90 gün) edən və sərhəd buraxılış məntəqələrindən keçən qeyri-Avropa ölkələrin vətəndaşlarının məlumatları elektron qaydada qeydə alınacaq.
Bu qayda Avropa İttifaqına üzv olmayan ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına da aid olacaq.
Yenilik Avropa İttifaqı ölkələrinin hamısında birdən tətbiq edilməyəcək, bu mərhələ ilə olacaq və artıq 2026-cı il aprelin 10-da proses tamamlanacaq.
Yeniliyin mahiyyəti ondan ibarətdir ki, bundan sonra Avropa İttifaqı ölkələrinə daxil olanda sərhəd buraxılışı mıntəqələrində pasportların möhürlənməsi prosesi ləğv ediləcək. Bu qayda əvəzinə sistemdə elektron qeydlər ediləcək.
EES sisteminin işə salındığı sərhəd keçid məntəqələrində Avropa İttifaqına üzv olmayan üçüncü ölkələrin (o cümlədən Azərbaycan) vətəndaşlarının pasport məlumatları, biometrik məlumatları (üz təsvirləri və barmaq izləri), giriş və ya çıxış məlumatları EES sistemində qeydiyyatdan keçiriləcək. Bu, ilk girişdə və ilk çıxışda ediləcək. Hər bir sonrakı giriş və çıxış üçün yalnız sürətli yoxlama tələb olunacaq.
Məsələn, xarici vətəndaş EES sistemi işə düşəndən sonra ilk dəfə Avropa ölkəsinə gəlirsə, burada öz pasport məlumatlarını və bioloji məumatlarını – barmaq izi, üz şəkli və sair. verməlidir. Sərhəd buraxılış məntəqəsinin əməkdaşları bu məlumatları sistemə daxil edirlər. Gələcəkdə sərhədi növbəti dəfə keçəndə sərnişindən barmaq izi götürmək kifayət edəcək ki, onun şəxsiyyəti müəyyən edilsin. Nəticədə pasport kontrolu indikindən daha az müddətə başa gələcək. Ən əsası, məlumatlar daha dəqiq olacaq, və təhlükəsizlik təmin ediləcək. Hərdən bir hər ehtimala qarşı hansısa vətəndaşını pasportu daha ətraflı yoxlanıla bilər, amma bu tək-tük hallarda olacaq.
Üstəlik prosesi sürətləndirmək üçün vətəndaşlar xüsusi avadanlıqdan və ya daxil olduqları və ya çıxdıqları ölkənin mobil tətbiqindən istifadə etməklə əvvəlcədən qeydiyyatdan keçə bilərlər. İstənilən halda pasport nəzarəti xidmətinin əməkdaşı sərnişini qarşılayacaq.
Yeni sistemin müəllifləri EES-in tətbiqindən sonra sərhəd keçid məntəqələrində məlumatların daha etibarlı olması və qeydiyyat müddətinin azaldılacabını bildirirlər. Üstəlik bu sistemi sənədlərin saxtalaşdırılması hallarının aşkar edilib onların qarşısının alınmasına imkan verəcək.
«Üzv ölkələr özünəxidmət sistemləri vasitəsilə sözügedən prosesi daha da avtomatlaşdırmaq qərarına gələ bilərlər. Məlumatların və məxfiliyin mühafizəsi üzrə yüksək standartlara cavab verən bu sistem səyahət edən şəxslərin fərdi məlumatlarının etibarlı şəkildə qorunmasını təmin edəcək. EES sisteminə altıaylıq keçid dövründə pasportların möhürlənməsi davam ediləcək»-deyə bildirilir.