“Sea Breeze” kurort şəhərciyində ikinci “Sea Breeze Investment Forum” beynəlxalq investisiya forumu keçirildi.
FED.az xəbər verir ki, 30 may tarixində “The Grand Sea Breeze”in yeni tədbir zalında baş tutan forumun biznes proqramının diqqət mərkəzində Azərbaycanda daşınmaz əmlakın investisiya potensialının inkişafı idi. Forumdan öncə qonaqlar üçün “Sea Breeze” boyunca qolf maşınlarda xüsusi ekskursiya keçirildi. “Sea Breeze Resort”un təsisçisi və sahibi Emin Ağalarov qonaqlara hazırda tikilməkdə olan binalar, təhvil verilmiş layihələr, qarşıya qoyulmuş məqsədlər və sahilyanı kompleksin perspektivlərindən məlumat verdi. Bundan sonra, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə unikal “Caspian Dream Liner” layihəsinin təməli qoyuldu.
Forumu “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze Resort”un təsisçisi və sahibi Emin Ağalarov açdı və kurort şəhərciyi barədə, eləcə də qarşıya qoyulmuş məqsədlər və reallaşdırılan layihələr haqda məlumat verdi, kompleksin qlobal inkişafı üçün planlarını açıqladı. Bundan başqa, o, iştirakçıların foruma marağını yüksək qiymətləndirdiyini qeyd etdi və “Biz nəhəng COP29 tədbirini dəstəkləməkdən və “Sea Breeze”də 5000-ə qədər qonağı qəbul etməkdən məmnunuq. Bütün bunlar bir çox insanın əməyinin və peşəkarlığının nəticəsidir”, – deyə qeyd etdi.
“Ölkəmiz bütün Cənubi Qafqaz üçün sabitlik modelidir. İndi əsas vəzifə iqtisadiyyatı şaxələndirməkdir: biz təhsilə, səhiyyəyə və əlbəttə ki, turizmin inkişafına böyük diqqət yetiririk. Biz “Sea Breeze” ilə əməkdaşlıqdan və bu kompleksə artan maraqdan çox məmnunuq”, – deyə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Sea Breeze”in kommersiya direktoru Ayaz Tağıyev tədbir qonaqlarına yeniliklərdən danışıb və “Hazırda yeni təhvil verilmiş layihədə mənzillərin, demək olar, tam satışını müşahidə edirik. Bu nəticələr bizi sevindirir”, – deyə əlavə edib.
“Sea Breeze” layihəsini bu gün fərqləndirən onun daha geniş tələbat diapazonuna yönəlməsidir. Bu, hamı üçün əlçatan və rahat investisiya mühiti yaradan və təşviq etməyə davam edən şəhərdir”, – bu fikirləri isə “Commonwealth Partnership”in İdarəedici partnyoru Sergey Ryabokobılko çıxışı zamanı söylədi.
Forumun işgüzar hissəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, “ABB Bank”ın İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin üzvü Elmir Qabibullayev, “Nardaran Invest”in İdarəedici partnyoru Andrey Perequdov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev da çıxış etdilər və Azərbaycanda daşınmaz əmlak və turizm sahələrində son illərdə müşahidə olunan inkişaf və “Sea Breeze”in bu xüsusda rolundan – ətraf mühitin qorunması üçün görülən işlər, qabaqcıl mühəndislik işlərinin tətbiqi ilə inteqrasiya olunmuş inkişaf yolunun seçilməsi və qlobal səviyyədə investisiya axını üçün güclü bazanın yaradılmasından bəhs ediblər.
“Sea Breeze” ilə Azərbaycan Turizm Bürosu arasında vahid bron xidmətinin yaradılması barədə əməkdaşlıq sazişi, “ABB Bank” ilə “Sea Breeze”də “ABB Bank”ın filialının açılması haqda memorandum imzalandı.
“Sea Breeze Investment Forum” artıq ikinci dəfə keçirilir. Ötən illə müqayisədə tədbirə olan maraq daha da artıb və forum daşınmaz əmlak sahəsi üzrə regionun mühüm hadisələrindən birinə çevrilib.