Qış mövsümünün başlanması ilə istirahət üçün üz tutulan variantlardan biri də Qusar rayonundakı «Şahdağ» Turizm Mərkəzidir.
Şahdağda əyləncə qiymətləri açıqlandı – BƏZİLƏRİ BAHALAŞIB
FED.az biznes və maliyyə portalı xəbər verir ki, burada qış turiziminə aid əyləncə və şərait olsa da, ənənəvi olaraq əsas problem qiymətlərdir. Bəzən məhz qiymət faktoru «Şahdağ»a gəlib- gəlməmə barədə qərar verərkən əsas səbəb olur.
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə Yeni il ərəfəsi və yanvar ayı üçün “Şahdağ “Turizm Mərkəzindəki otel xidmətləri və qiymətlərini araşdırıb.
Araşdırma göstərir ki, ənənəvi olaraq Yeni İl şənlikləri və ondan sonrakı tətil dövründə ən bahalı qiymiət təklifləri «Şahdağ Turizm Kompleksi»ndədir. Üstəlik buradakı bəzi otellərdə yerlər uzun müddətə bronlanıb və yeni müştərilər yalnız mart ayında yer tapa bilərlər.
Yeri gəlmişkən, «Şahdağ» kompleksindəki otel monopoliyası bir qədər zəifləyib, burada 2 yeni otel də müştəriləri qəbul edir. Beləliklə...
«Sahdag Hotel & Spa»
“Sahdag Hotel & Spa”da Yeni il şənlikləri də daxil olmaqla, il sonu və gələn ilin yanvar-fevral ayları üçün bütün yerlər doludur. Burada ilk boş yerlər və ənənəvi qiymətlər mart ayından başlayır, martın 1-2 üçün bir gecəlik, 2 nəfərlik qiymət isə səhər yeməyi daxil 230 manatdan 1 500 manat kimi dəyişir.
Hərçənd beynəlxalq otel rezervasiya resurslarının məlumatına görə, burada artıq yanvarın 15-dən otaq rezervasiya etmək olar.
«Zirvə Hotel»
"Zirvə Hotel" Şahdağ Turizm Mərkəzinin aşağı hissəsində əyləncələrin daha çox olduğu yerdə yerləşir, 3 ulduzlu oteldir. Burada dekabr ayının 29-30-u üçün bir gecəlik, 2 nəfərlik qiymət səhər yeməyi daxil 300 manat təşkil edir. Yanvar ayının 11-12-də isə bu oteldə bir gecəlik, 2 nəfərik qiymət səhər yeməyi daxil 170 manatdır.
«Gaya Residences Shahdag»
“Gaya Residences Shahdag” mənzil tiplidir. Səhər yeməyi daxil deyil, otaqlarda mətbəx mövcuddur ki, qonaqlar yeməklərini özləri bişirə bilir. Amma xidmət məhdudiyyətinə baxmayaraq bu oteldə də il sonu və növbəti ilin 20-i tarixinə qədər bütün yerlər rezerv olunub. Yalnız 21-22 yanvarda otaq boşdur ki, bunun da qiyməti bir gecəlik, 2 nəfərlik 165 manat təşkil edir.
«Pik Palace Shahdag»
“Pik Palace Shahdag”da Yeni il şənliyi də daxil olmaqla 31 dekabr – 1 yanvar tarixli yerlər demək olar bitib. İki gün əvvəl bu qiymət 1120 manat idi. İndi isə normal otaqlar dolub və ən bahalı varinatlar qalıb. Belə ki, hazırda bu oteldə Yeni il şənliyi günlərində qalmaqüçün yalnız 12 min manatlıq suitdə qalmaq şərtilə paketlər almaq mümkündür. Səhər yeməyi üçün əlavə olaraq bir nəfər üçün 35 manat tələb olunur. Oteldə yeni il ajiotajı 15 gün sonra bitir və qiymətlər normala qayıdır - yanvar ayının 14-15-də bu oteldə bir gecə, 2 nəfər üçün ödəniş 456 manat təşkil edir.
«Pik Palace Shahdag»da təşkil olunacaq yeni il şənliyinə oteldə qalmamaq şərtilə də qatılmaq olar – adambaşına qiymət 500 manat.
«Park Chalet Shahdag»
“Park Chalet Shahdag”da da eyni vəziyyətdir. Ötən həftə sonu burada 31 dekabr – 1 yanvar tarixləri üçün bir gecəlik, 2 nəfərlik otaq qiyməti səhər yeməyi daxil 920 manat təşkil edirdi. İndi isə yerlər dolduğundan qiymətlər kəskin artıb. 2 nəfərlik otağı Yeni il şənliyi ilə birlikdə sifariş etmək 4 min manatdır. Burada da vəziyyət yanvar ayının 14-15-dən normayı qayıdır - bir gecə, 2 nəfər üçün ödəniş səhər yeməyi daxil 361 manat qiymətər ayın ortasından qüvvəyə minir.
«Park Chalet Shahdag»da təşkil olunacaq yeni il şənliyinə oteldə qalmamaq şərtilə də qatılmaq olar – adambaşına qiymət 400 manat.











