Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi" QSC-yə gələn qonaqların koronavirus (COVID-19) pasportlarının yoxlanılması məqsədi ilə vahid yoxlama məntəqəsi yaradılıb.
FED.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzin girişində yerləşən vahid yoxlama məntəqəsinin formalaşdırılmasında əsas məqsəd qonaqların yoxlamadan yalnız 1 dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz girişini təmin etməkdir.
Turizm mərkəzinin girişində yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 pasportu yoxlanılır, peyvənd pasportuna malik olmayan qonaqlardan COVID-19-a qarşı immunitet və ya əks göstəriş sertifikatı tələb olunur.
Əcnəbi vətəndaşlar xaricdə onlara verilmiş COVID pasportlarından istifadə edə bilərlər.
Həmçinin "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin nümayəndələri hərəkətin idarə olunması prosesində yaxından iştirak edərək qonaqların sanitariya və gigiyena qaydalarına riayət etməsinə, eləcə də COVID-19 pasportlarının yoxlanılmasına nəzarət edirlər.