"İrAero" aviaşirkəti "Koltsovo" beynəlxalq hava limanından Azərbaycan paytaxtına müntəzəm reyslər həyata keçirməyə başlayıb.
FED.az -ın məlumatına görə, Yekaterinburq hava limanının Mətbuat xidməti xəbər verir ki, hava daşıyıcısı dünən Bakı - Yekaterinburq - Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib. Adı çəkilən istiqamətdə bilet qiymətlərinin isə 345 manatdan başladığı bildirilir.
Reyslər həftənin çərşənbə axşamı günlərində 103 sərnişin tutumlu "SuperJet 100" tipli təyyarələrlə yerinə yetiriləcək. Bakıdan gediş saat 12:30-da, Yekaterinburqdan uçuş isə saat 17:30-da olacaq. Uçuş müddəti üç saatdır.
"Koltsovoda" yeni aviadaşıyıcının olması ilə Yekaterinburqdan Bakıya uçuşların sayı həftədə üçə çatıb. "İrAero" ilə yanaşı, "Ural Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.
Bakı "Koltsovadan" uçuşlar üzrə populyar istiqamətdir. 2018-ci ilin yekunlarına görə, bu marşrut üzrə sərnişin axını, təxminən, 24 min nəfər olub.